Cəbhəçi gənc: 'Heydər Əliyevin heykəlinə 'Stalin' yazdığıma görə buradayam'

Elbəyi Kərimli

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Elbəyi Kərimliyə narkotik ittihamı ilə 6 il həbs cəzası kəsilib. Aprelin 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində onun haqqında hökm çıxarılıb.

Gənc fəal narkotik ittihamının saxta olduğunu deyir. O, məhkəmədə bildirib ki, həbsinin gerçək səbəbi Heydər Əliyevin heykəlinə "Stalin" sözünü yazmasıdır. Söhbət paytaxtın Nəsimi rayonu ərazisindəki parkda – Mərkəzi Bankın binası önündəki heykəldən gedir.

21 yaşlı E.Kərimli danışır ki, ötən ilin avqustunda heykəli yazandan dərhal sonra onu tutub Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsinə aparıblar: "Mən Heydər Əliyevin heykəlinin arxasına "Stalin" yazdığıma görə bu gün buradayam. Polis bölməsində mənə dedilər ki, ya narkotik, ya da silah – birini seçməlisən, yoxsa vətənə xəyanət ittihamı ilə içəri gedərsən. Hərbi obyektlərin şəkillərini telefonuna yükləyərik, ittiham verərik ki, hərbi sirri Ermənistana, İrana ötürdüyünə görə tutulmusan". Eşitdiklərimdən boğazım qurudu...".

"Mənə dedilər ki, Allahına şükür elə..."

Onun sözlərinə görə, məcbur olub narkotik ittihamını üzərinə götürməyə razılıq verib. Polis bölməsində kamera önündə cibindən narkotiki çıxarıb, masanın üzərinə qoyub. Deyir ki, əslində həmin narkotikin ona aidiyyəti yox idi, çəkilişdən öncə polislər vermişdi: "Mənə deyirdilər ki, Allahına şükür elə, Qiyas İbrahimov kimi 1 kilo çıxarmırıq səndən...".

O, hökmdən öncəki son sözündə məhkəmədən bəraət istəsə də, Elnur Nuriyevin sədrlik etdiyi hakimlər kollegiyası onu Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik əldəetmə, daşıma, saxlama) maddəsi ilə təqsirli bilib. Bu ittihamla da 6 il azadlıqdan məhrum edilib.

Vəkili Nemət Kərimli AzadlıqRadiosuna hökmdən apellyasiya şikayəti verəcəklərini bildirib: "Məhkəmə prosesi boyunca da sübut olundu ki, narkotik ittihamı əsassızdır. Ortada çoxsaylı maddi-prosessual qanun pozuntuları var".

Hazırda xeyli ictimai-siyasi fəal, dini inanclı şəxs narkotik ittihamı ilə həbsdədir. Onlar bu ittihamı qəbul etmir, hökumətin ünvanına tənqidlərinə, siyasi baxışlarına görə şərlənərək cəzalandırıldıqlarını deyirlər.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti bu ittihamları yalanlayıb, onların konkret faktlara görə həbs olunduqlarını bəyan edib.

Xatırlatma

Qiyas İbrahimov 2016-cı ilin mayında digər gənc fəal Bayram Məmmədovla birlikdə mərhum prezident Heydər Əliyevin heykəlinə "Qul bayramınız mübarək!" yazandan sonra narkotik ittihamı ilə həbs olunmuş, onların hər birinə 10 il həbs cəzası kəsilmişdi. Onlar 2019-cu ildə əfv sərəncamı ilə azadlığa buraxılıblar. "Amnesty International" onları "vicdan məhbusu" elan etmişdi.