Əkrəm İmamoğluya 1 il 8 ay həbs cəzası verilib

Əkrəm İmamoğlu

İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı korrupsiya iddiaları ilə başlanan istintaq çərçivəsində həbs edilən bu qurumun başqanı Əkrəm İmamoğlu bu gün, iyulun 16-da hakim qarşısına çıxarılıb.

İmamoğlu barəsində tutulmazdan öncə İstanbulun baş prokuroru Akın Gürlekə yönələn sözlərlə bağlı da cinayət işi açılmışdı.

Məhkəmə həmin iş çərçivəsində İmamoğluya terrorla mübarizədə iştirak edən şəxsləri hədəf göstərmək ittihamından bəraət verib. Lakin dövlət qulluqçusunu vəzifəsinə görə alçaltmaq ittihamı üzrə ona 1 il 5 ay 15 gün, təhdid ittihamı üzrə isə 2 ay 15 gün azadlıqdan məhrumetmə cəzası verib.

İmamoğluya ümumilikdə 1 il 8 ay həbs cəzası kəsilib. Amma ona siyasi qadağa tətbiq olunmadığı bildirilir.

Xatırlatma

Türkiyə hakimiyyəti prezident Rəcəb Tayyib Ərdoğanın əsas siyasi rəqibi sayılan İstanbul Böyük Şəhər Bələdiyyəsi başqanı Ə.İmamoğlunu bu ilin martında saxlayıb.

İmamoğlu rüşvət alma, terrorçu qrupa yardım və sair ittihamlarla saxlanılıb. İmamoğlunun həbsi ölkədə siyasi gərginliyi artırıb, etirazlara səbəb olub. Ana müxalifət partiyası (Prezident və parlament seçkilərində ikinci, bələdiyyə seçkilərində birinci) olan Cümhuriyyət Xalq Partiyası (CHP) onun saxlanılmasını siyasi motivli adlandırıb, əhalini qanuni nümayişlərə çağırıb.

Bir çox tənqidçilər də İmamoğlunun saxlanmasını siyasi motivli hesab edir.

Türkiyə hökuməti isə ittihamları rədd edir, məhkəmələrin müstəqil orqanlar olduğunu bildirir.