Dələduzluq cinayətlərinin qurbanlarının arasında yaxınlarını həbsdən buraxdırmaq istəyib aldadılan şəxslər də çox olur. Məsələn, Ağa Sayilov adlı şəxs adamlardan həbsdə olan yaxın qohumlarının adlarını əfv olunacaq məhkumların siyahısına saldırmaq adı ilə pul alıb aldatmaqda suçlanır. Yanvarın 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində bu işə yenidən baxılıb.
İttihama görə, Ağa Sayilov 2 Saylı Cəzaçəkmə Müəssisəsində məhkum Rәfael Xəlilova özünü vəkil kimi təqdim edib. Rәfaelə şəxsi əlaqələrindən istifadə edib, vaxtından əvvəl azadlığa çıxmasına kömək edə biləcəyini deyib. Məhbusun Füzuli rayonunun Horadiz qəsəbəsində qardaşı Elnur Xəlilovdan bu məqsədlə 5 min manat pul alıb.
***Buna da bax-Ə.Nuriyev: 'Əfv olacağı istisna deyil'
Həmin cəzaçəkmə müəssisəsində saxlanılan başqa bir məhkum Şakir Hüseynovun oğlu da aldadılıb. Atasının adının prezidentin imzalayacağı əfv siyahısına salınmasından ötrü Tural Hüseynovdan bir neçə dəfəyə 15 min pul alınıb.
57 yaşlı A.Sayilov özü də ittihamda yazılanları inkar etmir. O, özünü vəkil kimi təqdim edib. Məhkumları da inandırıb ki, Əfv Komissiyası ilə əlaqələri var, məsələni həll edə bilər.
A.Sayilov sentyabrda Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilib.
***Buna da bax-Vəkil dələduzluğa görə məhkum edildi
2017-ci ilin sonunda qanunvericiliyə edilən dəyişiklikdən sonra onun işinə yenidən baxılıb. Çünki əvvəl qüvvədə olan qanunvericiliyə görə, onun adamlardan aldığı ümumi məbləğ külli miqdar sayılırdı. Ona görə də CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirli bilinib, məhkum edilmişdi. Dəyişikliklərdən sonra isə 50 mindən yuxarı məbləğ külli miqdar hesab olunur. Sayilovun aldığı 20 min xeyli miqdardır və CM-nin 178.2.2-ci (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsinin təsiri altına düşür. Bu maddənin cəzası da daha yüngüldür.
Yüngülləşdirici hallarda qanunun geriyə qüvvəsi var. Bunu nəzərə alaraq, məhkəmə ittiham maddəsini dəyişib, onun 8 illik cəzası 5 ilə endirilib.
Məhkəmədə o da məlum olub ki, ziyanın bir hissəsi ödənilib, ümumilikdə 13 min manat qalıb.