Əfqanıstanda avqustun 31-ində baş vermiş 6 bal gücündə zəlzələdə ölənlərin sayı 2 min 200-ü keçib. Bu haqda "Taliban" hökuməti məlumat verib.
Ən son məlumatlara görə, ölənlərin sayı 2 min 217-dir, təxminən 4 min nəfər xəsarət alıb. Ən böyük itki Pakistanla sərhəddə yerləşən dağlıq Kunar vilayətində qeydə alınıb. Xilasetmə işlərinin davam etdiyi bildirilir. Əfqanıstan hakimiyyətləri beynəlxalq ictimaiyyətdən yardım istəyib.
"Xeyli sayda adam həyatını, evini itirib, bizə yardım lazımdır", – Səhiyyə Nazirliyinin sözçüsü Şarafat Zaman "Reuters"ə deyib.
Rusiyadan başqa heç bir ölkə "Taliban" hökumətini rəsmən tanımır. Yardım qrupları isə de-fakto hakimiyyətin qadağalarına baxmayaraq, əlaqələr qurmağa çalışıblar.
"Amnesty International" təcili humanitar yardım çağırışı edib. Londonda yerləşən bu təşkilat "Taliban"ı xilasetmə əməliyyatlarını çətinləşdirdiyinə görə tənqid edib. Qurum həmçinin Pakistanı 2 milyonadək əfqan qaçqını məcburi repatriasiya etdiyinə görə pisləyib, bu addımın durumu daha da ağırlaşdırdığını bildirib.
6 ballıq zəlzələ Pakistanla sərhədə yaxın Cəlalabad şəhəri ətrafında baş verib.