Fevralın 19-da BMT-nin sponsorluğu ilə Qətərin paytaxtında Əfqanıstanla bağlı tədbirdə qadınların hüquqları əsas müzakirə mövzusudur. Toplantıya azı 24 ölkənin xüsusi elçiləri qatılsa da, Taliban təmsilçiləri orada olmayacaq.
Taliban 2021-ci ildə Əfqanıstana nəzarəti ələ alandan sonra beynəlxalq ictimaiyyətin bu ölkədə mümkün iştirakı da Qətərdə götür-qoy ediləcək.
BMT-nin baş katibi Antonio Quterreş Dohada iclasın birinci günü bir neçə ölkə və təşkilatın təmsilçiləri ilə görüşüb.
Əfqan qadınların səsi, nəhayət, eşidiləcəkmi?
Toplantının əsas mövzuları sırasında Taliban idarəçiliyi dövründə qadınların və qızların hüquqları da var. Bunu "Radio Azadi"yə vətəndaş cəmiyyəti və qadın hüquqları fəalı Məhbubə Serac deyib. O, Dohadakı tədbirə Taliban hökumətinə bağlı olmayan digər əfqan təmsilçilərlə birlikdə qatılıb.
Serac deyib ki, onun və digər qadınların səslərinin, nəhayət, eşidiləcəyinə, bu məsələnin sonra da izlənəcəyinə və gerçəkdən kiminsə əfqan qadınların məsələsi ilə məşğul olacağına ümid edir. Əfqanıstanda Talibanın fundamentalist idarəçiliyi altında qadınlar mütəmadi diskriminasiyaya məruz qalırlar.
Buna da bax:
Sürgündəki əfqan professorlar qadınlar universitetlərə qayıtmasa, geri dönməyəcəklərini deyirlərQızların altıncı sinifdən sonra məktəbə getməyi qadağan olunub, universitetlər qadınların üzünə qapalıdır, həm hökumət, həm də qeyri-hökumət sektorunda qadınların çalışması yasaqdır. Digər qadağalar da qüvvədədir.
Taliban imtina edib
Taliban rəhbərliyi toplantıya qatılmaqla bağlı dəvəti qəbul etməyib.
Taliban beynəlxalq miqyasda, əsasən, tanınmır. 2021-ci ilin ortasında ABŞ-ın başçılıq etdiyi koalisiya Əfqanıstandan çıxandan sonra bu qruplaşma hakimiyyətə keçib.
Talibanın Xarici İşlər Nazirliyi fevralın 17-də bildirib ki, tələblərinin qəbul olunmaması səbəbindən Doha toplantısına qatılmağı səmərəli saymayıb. Qurum iclaslara Talibandan kənar əfqan təmsilçilərin gözlənən iştirakı ilə bağlı qəzəbini bildirib. Talibanın uzun müddətdir Qətərdə təmsilçilik ofisi var.
BMT bundan öncə oxşar toplantını 2023-cü ilin mayında təşkil etmişdi.