Avropa Şurası izahat istədi, baş prokuror cavab verdi: 'Əfqan Sadıqlı jurnalist deyil'

Əfqan Sadıqov

Binəqədi rayon Məhkəməsi "Azel.TV" internet kanalının rəhbəri Əfqan Sadıqov barəsində həbs qətimkan tədbirini oktyabradək uzadıb. Bu barədə sosial şəbəkədə onun həyat yoldaşı Sevinc Sadıqova yazıb.

Bundan əvvəl sözügedən məhkəmə onun barəsində iyulun 30-dək həbs qətimkan tədbiri seçmişdi.

10 iyul

Avropa Şurasının insan hüquqları üzrə komissarı Maykl O'Flaherti iyunun 30-da baş prokuror Kamran Əliyevə məktub göndərərək, Gürcüstandan deportasiya edilən jurnalist Əfqan Sadıqlının yenidən həbs olunması məsələsini qaldırıb. Komissar cinayət işinin ilkin mərhələdə xitam verilmə səbəbləri və hansı əsaslarla yenidən açılması ilə maraqlanıb. O həmçinin xatırladıb ki, istintaq dövründə həbs-qətimkan tədbiri yalnız son çarə kimi tətbiq edilməlidir və Ə.Sadıqlıya qarşı niyə daha yüngül qətimkan tədbirinin seçilmədiyini soruşub.

K.Əliyev iyulun 7-də rəsmi cavab məktubu ilə komissarın çağırışlarını rədd edib. İstintaqın tam obyektiv aparıldığını bildirən baş prokuror hüquqi prosesə kənar müdaxilənin yolverilməzliyini vurğulayıb.

O, cinayət işinin yenidən açılmasını məhkəmə qərarı ilə əsaslandırıb: əvvəlcə işə xitam verilsə də, zərərçəkmiş şəxslər bu qərardan məhkəməyə şikayət ediblər. Məhkəmə isə şikayəti əsaslı sayaraq xitam qərarını ləğv edib və prokurorluğa araşdırmanı yenidən başlamağı tapşırıb.

Hazırda Ə.Sadıqlı Cinayət Məcəlləsinin 182.2-ci maddəsi ilə hədə-qorxu ilə tələb etmədə ittiham olunur. İttiham aktına əsasən, o, sosial şəbəkələrdə rüsvayedici məlumatlar yayacağı hədəsi ilə pul tələb edib.

Baş prokuror həmçinin vurğulayıb ki, Ə.Sadıqlının rəsmi jurnalist statusu yoxdur. 2022-ci ildən qüvvədə olan "Media haqqında" Qanuna görə, bir şəxsin rəsmi jurnalist sayılması üçün həm onun özü, həm də fəaliyyət göstərdiyi media subyekti Media Reyestrində qeydiyyatdan keçməlidir.

8 iyun

Əfqan Sadıqov həbs edilib

Binəqədi rayon Məhkəməsinin qərarı ilə "Azel.TV" internet kanalının rəhbəri Əfqan Sadıqov barəsində iyulun 30-dək həbs-qətimkan tədbiri seçilib.

Müdafiə tərəfinin açıqlamasına görə, Baş Prokurorluqda 2024-cü ildə Ə.Sadıqov barəsində açılmış cinayət işinin icraatı yenidən bərpa edilib. Bildirilir ki, iş üzrə zərərçəkmiş şəxslər Baş Prokurorluğun cinayət işinə xitam verilməsi haqqında qərarının ləğv olunması tələbi ilə Binəqədi rayon Məhkəməsinə müraciət ediblər. Məhkəmə iyunun 8-də şikayətə baxaraq iddianı təmin edib: Baş Prokurorluğun xitam qərarı ləğv olunub və iş yenidən istintaqa qaytarılıb.

Məsələ ilə bağlı Baş Prokurorluq, Binəqədi Rayon Məhkəməsi və digər aidiyyəti tərəflərdən rəsmi münasibət öyrənmək mümkün olmayıb.

2024-cü ilin mayında Baş Prokurorluqda Ə.Sadıqov barəsində Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi açılmışdı. Həmin il avqustun 4-də o, Azərbaycan tərəfinin sorğusu əsasında Gürcüstanda saxlanılmışdı. Tbilisi Şəhər Məhkəməsi onun həbsi və Azərbaycana ekstradisiyası barədə qərar qəbul etsə də, Avropa İnsan Hüquqları Məhkəməsinin müdaxiləsi nəticəsində ekstradisiya prosesi dayandırılmışdı. Ə.Sadıqov 2025-ci ilin aprelində azadlığa buraxılıb.

Bu il aprelin 1-də Baş Prokurorluq Ə.Sadıqovun cinayət işinə xitam verib. Müdafiə tərəfinin məlumatına görə, aprelin 3-də Tbilisi şəhər Məhkəməsi bu qərarı əsas götürərək onun ölkədən çıxış qadağasını ləğv edib.

Buna baxmayaraq, aprelin 4-də gecə saatlarında Ə.Sadıqov yaşadığı evdən çıxarılaraq məhkəməyə aparılıb və dərhal Azərbaycana deportasiya edilib.

HRW: Gürcüstan risk altında olan azərbaycanlı jurnalisti deportasiya edib

Gürcüstan hakimiyyəti bu ölkədə mühacir həyatı yaşayan azərbaycanlı jurnalist Əfqan Sadıqovu Azərbaycana zorla qaytarmaqla onu siyasi motivli təqib və pis rəftar riskinə məruz qoyub. Bunu "Human Rights Watch" insan haqları təşkilatı aprelin 10-da bildirib.

Qurumun bildirdiyinə görə, hakimiyyət jurnalisti bu riskləri ölçüb-biçmədən deportasiya edib. Bu isə hər iki hökumətin Avropa İnsan Hüquqları Konvensiyasına uyğun öhdəliklərinə sadiqliyini sual altına alır.

"Bu deportasiya baş verməməli idi, onun necə həyata keçirilməsi xüsusilə narahatedicidir", – "Human Rights Watch"un Avropa və Orta Asiya üzrə direktor müavini Giorgi Qogiya bildirib.

"Gürcüstan hakimiyyəti Sadıqovu təqib riski ilə üzləşdiyi bir ölkəyə qaytarıb, bu riski düzgün qiymətləndirməyib, sürətli prosedurlar isə ədalətliliklə bağlı ciddi narahatlıq yaradır", – o vurğulayıb.

"Human Rights Watch" Sadıqovun deportasiyasının Azərbaycanda jurnalistlərin və hökumətin tənqidçilərinin uzunmüddətli təqib olunması fonunda xüsusi narahatlıq doğurduğunu bildirir. Üstəlik, onun deportasiyasının Gürcüstan hakimiyyətinin Azərbaycan rəsmiləri ilə əlbirliyi, Avropa konvensiyası çərçivəsindəki öhdəliklərindən yayınması ilə bağlı ciddi narahatlığa yol açdığını vurğulayır. Qurum Avropa Şurası üzvlərini Gürcüstanın hərəkətlərini araşdırmağa çağırır.

5 aprel

Əfqan Sadıqov Gürcüstandan Azərbaycana deportasiya edilib

“AzelTV” saytının rəhbəri Əfqan Sadıqov Gürcüstan Daxili İşlər Nazirliyinin qərarı ilə Azərbaycana deportasiya olunub və onun ölkəyə girişi 3 il müddətinə qadağan edilib. Bildirilir ki, jurnalist aprelin 5-nə keçən gecə Tbilisidəki evindən zorla aparılıb, bir neçə saat ərzində barəsində 2 min lari cərimə və deportasiya qərarı çıxarılaraq Bakıya gətirilib.

Vəkil Tamta Mikeladze bu prosesi iki ölkə hakimiyyətinin koordinasiyalı "xüsusi əməliyyatı" adlandırıb. Vəkil qeyd edib ki, aprelin 1-də Azərbaycanda jurnalistə qarşı cinayət işi dayandırılıb, aprelin 3-də isə Gürcüstan məhkəməsi onun hərəkət məhdudiyyətini ləğv edərək deportasiya üçün hüquqi zəmin hazırlayıb. Jurnalist polisə müqavimət və təhqirdə ittiham olunsa da, müdafiə tərəfi bu iddiaları rədd edir.

Avropa İnsan Haqları Məhkəməsi Sadıqovun ekstradisiyasının dayandırılması barədə müvəqqəti qərar çıxarmışdı. Hazırda jurnalistin Azərbaycanda olduğu və saxlanmadığı bildirilsə də, hələlik onun özü ilə əlaqə saxlamaq mümkün olmayıb. Rəsmi qurumlar məsələyə münasibət bildirməyib.

Əfqan Sadıqov Tbilisidə etiraz aksiyasında

23 oktyabr

Əfqan Sadıqova 14 sutka həbs verilib

Əfqan Sadıqov 14 günlük inzibati qaydada həbs olunub. AzadlıqRadiosunun gürcü xidmətinin məlumatına görə, bu qərar oktyabrın 23-də Tbilisi şəhər Məhkəməsində verilib.

Məhkəmədə Gürcüstan Daxili İşlər Nazirliyinin nümayəndəsi iddia edib ki, Ə.Sadıqov şəhər mərkəzində etiraz aksiyasında iştirakı zamanı yolu bağlayıb. O bildirib ki, polis onun və digər iştirakçıların yolu boşaltmasını əmr etsə də, onlar əmrə tabe olmayıblar.

Ə.Sadıqov etiraz aksiyasına çıxmasını müdafiə edib: "Mən hüquqları pozulan gürcü xalqının tərəfdarıyam. İvanişvili diktaturanı dəstəkləyir, mən isə xalqı".

O, hakimə bildirib ki, hər gün parlament binasının qarşısında keçirilən etiraz aksiyasına gedib: "Əlavə edəcəyim heç nə yoxdur, buradan çıxan kimi yenə mitinqə gedəcəyəm...".

Proses zamanı "İvanişvili diktatordur!" şüarlarını səsləndirən Ə.Sadıqov məhkəmə zalından çıxarılıb.

Əfqan Sadıqovun bundan əvvəl həbsi

Ə.Sadıqov bu il aprelin 16-da təqribən 8 aylıq həbsdən sonra məhkəmənin qərarı ilə həbsdən buraxılıb. Məhkəmə onu 5 min lari (3 min manat) məbləğində girov qarşılığında azadlığa buraxmışdı.

Ə.Sadıqov 2023-cü ilin dekabrında ailəsi ilə birlikdə Gürcüstana gəlib. Ötən ilin iyulunda o, Gürcüstandan Türkiyəyə buraxılmadığını söyləyib. Avqustda Azərbaycanın sorğusu ilə Ə.Sadıqov həbs edilib. Bakıda o, pul tələb etməkdə ittiham olunur və ekstradisiyası istənirdi. Gürcüstan hakimiyyəti ona siyasi sığınacaq verməkdən imtina etmişdi. 2024-cü il noyabrın 28-də Tbilisi şəhər Məhkəməsi Ə.Sadıqovun Azərbaycana ekstradisiyası haqqında qərar qəbul etmişdi. Lakin qərar icra edilməmişdi. Ə.Sadıqov ittihamı qurama sayırdı.

Xatırlatma

"AzelTV"nin təsisçisi və baş redaktoru Ə.Sadıqov daha əvvəl, 2016-cı il noyabrın 22-də isə Azərbaycanda saxlanmışdı. Ona Cinayət Məcəlləsinin 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham irəli sürülmüşdü. O, icra hakimiyyətində bir qadına xəsarət yetirməkdə ittiham edilirdi. Ancaq Ə.Sadıqov ittihamı qəbul etmir, işi qurama sayırdı. 2017-ci il yanvarın 12-də Cəlilabad rayon Məhkəməsi onu 2 il yarım müddətinə azadlıqdan məhrum etmişdi. Həmin ilin noyabrında isə Ali Məhkəmə Ə.Sadıqovun cəza müddətini 2 il yarımdan 1 il yarımadək azaltmışdı. O, 2018-ci il mayın 23-də azadlığa çıxmışdı.

Azadlığa çıxdıqdan sonra da o, polisin qanuni tələbinə əməl etməməkdə günahlandırılaraq 30 sutka həbs cəzası almışdı. Ə.Sadıqov onda da ittihamı qəbul etmirdi.