Əfqan Sadıqov həbsdən azad edilib

Əfqan Sadıqov

"Azel TV" saytının Gürcüstanda həbsdə olan təsisçisi Əfqan Sadıqovun dünən, aprelin 16-da məhkəmənin qərarı ilə azad olunduğu bildirilir.

Bu məlumatı onun həyat yoldaşı Sevinc Sadıqova yayıb: "Gürcüstan Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını icra etdi. Bunu əminliklə deyirəm, yaxın gələcəkdə biz bu saxta cinayət işinin bəraətini də mütləq alacağıq".

Bildirilir ki, Gürcüstan qanunvericiliyinə görə, ekstradisiya həbsi üçün nəzərdə tutulan 9 aylıq müddətin tamamlanmasına bir neçə həftə qalmış Tbilisi məhkəməsi belə qərar çıxarıb.

Məhkəmə onu 5 min lari (3 min manat) məbləğində girov qarşılığında azadlığa buraxıb.

Ə.Sadıqov azadlığa çıxdıqdan sonra, aprelin 17-də keçirdiyi mətbuat konfransında deyib ki, qərarla razı deyil və həmin məbləği ödəmək niyyəti yoxdur. O, çıxışında Azərbaycan və Gürcüstan hakimiyyətini sərt tənqid edib.

Onun fikirlərinə, hələlik, Azərbaycan və Gürcüstan rəsmilərindən münasibət almaq mümkün olmayıb.

Bu il yanvarın 31-də Tbilisi şəhər Məhkəməsi Ə.Sadıqovun həbs müddətini 3 ay uzatmışdı. Ondan öncə Gürcüstanın Sosial Ədalət Mərkəzi bildirmişdi ki, Avropa Məhkəməsinin qərarına görə, Gürcüstan məhkəməsi bu iş üzrə yekun qərar qəbul edənə qədər Sadıqov Azərbaycana ekstradisiya olunmamalıdır.

Ə.Sadıqov 2023-cü ilin dekabrında ailəsi ilə birlikdə Gürcüstana gəlib. Ötən ilin iyulunda o, Gürcüstandan Türkiyəyə buraxılmadığını söyləyib. Avqustda Azərbaycanın sorğusu ilə Ə.Sadıqov həbs edilib. Bakıda o, pul tələb etməkdə ittiham olunur və onun ekstradisiyası tələb olunur. Gürcüstan hakimiyyəti ona siyasi sığınacaq verməkdən imtina edib. 2024-cü il noyabrın 28-də Tbilisi şəhər Məhkəməsi Ə.Sadıqovun Azərbaycana ekstradisiyası haqqında qərar qəbul etmişdi. Lakin qərar icra edilməmişdi.

Xatırlatma

"Azel TV" saytının təsisçisi və baş redaktoru Ə.Sadıqov bundan əvvəl 2016-cı il noyabrın 22-də Azərbaycanda saxlanmışdı. Ona Cinayət Məcəlləsinin 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham irəli sürülmüşdü. O, icra hakimiyyətində bir qadına xəsarət yetirməkdə ittiham edilirdi. Ancaq o, ittihamı qəbul etmir, işi qurama sayırdı. 2017-ci il yanvarın 12-də Cəlilabad rayon Məhkəməsi onu 2 il yarım müddətinə azadlıqdan məhrum edib. Həmin ilin noyabrında isə Ali Məhkəmə Ə.Sadıqovun cəza müddətini 2 il yarımdan 1 il yarımadək azaldıb. O, 2018-ci il mayın 23-də azadlığa çıxıb.

Azadlığa çıxdıqdan sonra da o, polisin qanuni tələbinə əməl etməməkdə günahlandırılaraq 30 sutka həbs cəzası almışdı. Ə.Sadıqov onda da ittihamı qəbul etmirdi.