Avqustun 26-da Müsəlman Birliyi Hərəkatının (MBH) üzvü Əbülfəz Bünyadovun evində axtarış aparıldığı bildirilir.
Bu barədə MBH-dən məlumat verilib.
Hərəkatdan deyilib ki, yataq xəstəsi olan Ə.Bünyadovun evində axtarış məhkəmə qərarı əsasında aparılıb: "Evindən müxtəlif ədəbiyyat, mobil telefon və planşet götürülüb. Axtarış aparanlar Ə.Bünyadovun yaxınlarına vəkilə zəng vurmağa imkan verməyiblər, onların əlindən də telefonları alıblar, özlərini isə evdən çıxarıblar".
Hərəkat bunu təzyiq kimi qiymətləndirir, amma axtarışı konkret hansı qurumun apardığını dəqiqləşdirə bilmədiklərini deyirlər.
Bu açıqlama ilə bağlı hüquq-mühafizə orqanlarından münasibət öyrənmək mümkün olmayıb.
Ə.Bünyadov 2015-ci il noyabrın 26-da Nardaranda keçirilmiş xüsusi əməliyyat zamanı həbs edilib. Əməliyyat zamanı onun bir neçə güllə yarası aldığı və hərəkət qabiliyyətini tam itirdiyi deyilir.
2018-ci il iyulunda məhkəmə onu 15 il müddətinə azadlıqdan məhrum edib. Amma 2019-cu ildə səhhətində problemlər əsas göstərilərək Ə.Bünyadov məhkəmənin qərarı ilə cəzasının çəkilməmiş hissəsindən azad edilib.
Buna da bax: Həbsdə olan MBH üzvü xəstəxanaya yerləşdirilibXatırlatma
MBH-nin bəzi rəhbər şəxsləri hazırda uzunmüddətli həbsdədirlər. Onlar, Ə.Bünyadov kimi, 2015-ci ildə ikisi polis olmaqla altı nəfərin öldüyü Nardaran hadisələri ilə bağlı həbs ediliblər. Həmin şəxslərə terrorçuluq, qanunsuz silah saxlama və başqa ittihamlar irəli sürülüb. Lakin onlar ittihamları qəbul etmir, hökumətin siyasətini tənqid etdiklərinə görə cəzalandırıldıqlarını bildirirlər. Üstəlik, polislərin ölümündə də əllərinin olmadığını deyirlər.
Təşkilatın bir çox üzvləri də narkotik ittihamı ilə həbs olunub. Onlar da bu ittihamı qəbul etmir, sifarişlə həbs olunduqlarını bildirirlər. Rəsmilər isə Azərbaycanda heç kimin siyasi və ya dini baxışlarına görə təqib olunmadığını vurğulayırlar.