2023-cü ildə dünyada təxminən 1.2 milyard insan psixi pozuntulardan əziyyət çəkib. "The Lancet" dərgisində dərc olunan yeni araşdırmaya görə, bu göstərici 1990-cı illə müqayisədə 95.5 faiz artım deməkdir.
Ən böyük artım narahatlıq pozuntuları və depressiyada qeydə alınıb. 2023-cü ildə ən geniş yayılmış psixi problemlər məhz bunlar olub. Üçüncü yerdə isə şəxsiyyət pozuntuları gəlir.
Tədqiqat çərçivəsində ümumilikdə 12 psixi pozuntu araşdırılıb. Müəlliflər qeyd edirlər ki, bu nəticələr "qlobal psixi pozuntu yükünün daha da ağırlaşdığı mərhələyə daxil olduğumuzu göstərir".
Araşdırma bipolyar pozuntu, şizofreniya, autizm spektr pozuntusu, diqqət çatışmazlığı və hiperaktivlik sindromu (DEHB), anoreksiya, davranış pozuntusunu da əhatə edib.
12 pozuntunun hamısında artım müşahidə olunub. Narahatlıq pozuntuları 1990-cı illə müqayisədə 158 faiz, depressiya isə 131 faiz artıb. Ən az yayılmış pozuntular anoreksiya, bulimiya və şizofreniya olub – 2023-cü ildə, müvafiq olaraq, təxminən 4 milyon, 14 milyon və 26 milyon hal qeydə alınıb.
Tədqiqatçılar psixi pozuntuların əksəriyyətinin qadınlarda daha çox yayıldığını deyirlər. Autizm, davranış pozuntuları, DEHB, şəxsiyyət pozuntuları və səbəbi bilinməyən intellekt çatışmazlığı isə kişilərdə daha geniş yayılıb.
CNN bildirir ki, araşdırma COVID-19 pandemiyasının bəzi psixi sağlamlıq problemlərinə necə təsir etdiyini üzə çıxarıb. Pandemiyadan əvvəl də narahatlıq, depressiya və bəzi digər pozuntuların səviyyəsi artırdı. Lakin böhran dövründə və ondan sonra depressiya daha da yüksəlib və pandemiyadan əvvəlki səviyyəyə qayıtmayıb. Narahatlıq isə pik həddə çataraq 2023-cü il boyunca yüksək olaraq qalıb.
Üstəlik, psixi pozuntuların daha gənc əhali qrupuna yönəldiyi bildirilir. Nəticələrə görə, psixi pozuntular getdikcə əlilliyin əsas səbəblərindən birinə çevrilir və ən çox qadınlar, eləcə də 15-39 yaş arası insanlar təsirlənir. Qadınlarda daha yüksək göstəricilər əvvəllər də müşahidə olunurdu. Lakin 15-19 yaş qrupunun ilk dəfə olaraq əsas pik nöqtəsinə çevrilməsi bu tip araşdırmalar tarixində yenidir.