Yanvarın 26-da maliyyə naziri Sahil Babayev Dünya Bankının Avropa və Mərkəzi Asiyada İnfrastruktur üzrə regional direktoru Çarlz Kormyerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Maliyyə Nazirliyinin məlumatına görə, Dünya Bankı ilə həyata keçirilən layihələrin icra vəziyyəti barədə fikir mübadiləsi aparılıb: "Qeyd olunub ki,.. "Məşğulluğa dəstək" layihəsi, onun əlavə maliyyələşdirilməsi təşəbbüsləri işsiz əhalinin məşğulluq imkanlarının genişləndirilməsini və işğaldan azad olunmuş ərazilərdə dayanıqlı məskunlaşmanı dəstəkləyir".
Görüş zamanı həmçinin Dünya Bankının krediti hesabına maliyyələşdirilməsi nəzərdə tutulan "Bakı Beynəlxalq Dəniz Ticarət Limanının genişləndirilməsi", "Rəqabətli və dayanıqlı kənd təsərrüfatı və suvarma xidmətləri" və "Yaşanılabilən Bakı" layihələri müzakirə olunub. Layihələrin detalları açıqlanmır.
Azərbaycanda özünüməşğulluq proqramını hökumətlə yanaşı, Dünya Bankı da dəstəkləyir.
Azərbaycan rəsmiləri əvvəllər kredit verən beynəlxalq təşkilatlara ehtiyaclarının olmadığını desələr də, son illər bu yanaşmanı dəyişiblər.
Ekspertlər bunu dünya bazarında Azərbaycanın əsas sərvəti olan neftin ucuzlaşması ilə izah edirlər.
Xatırlatma
Azərbaycanla Dünya Bankı arasında 30 ildən artıqdır əməkdaşlıq davam edir. Bu müddət ərzində Dünya Bankı Azərbaycana dəstək məqsədilə ümumilikdə 54 layihəyə təqribən 5.2 milyard ABŞ dolları məbləğində vəsait ayırıb. Bu əməkdaşlıq ölkədə iqtisadi islahatların həyata keçirilməsi və dayanıqlı infrastrukturun təmin olunmasına mühüm töhfə sayılırdı. Amma bir sıra ekspertlər hesab edirlər ki, alınan kreditlərlə heç də qarşıya qoyulan məqsədə çatılmayıb.
Maliyyə Nazirliyinin ötən ilin oktyabrına olan məlumatına görə, ölkənin xarici borcu 5 milyard dollara yaxındır. Bunun qarşıdakı illərdə artacağı proqnozlaşdırılır.