Rusiya Ermənistanla hərbi razılaşmanı ratifikasiya edir

Foto arxiv

Rusiya prezidenti Vladimir Putin Qafqaz regionunda birləşmiş regional hava hücumlarından müdafiə sistemi yaradılması ilə bağlı Ermənistanla imzalanmış razılaşmanı Dövlət Dumasının ratifikasiyasına göndərib.

Bu barədə dumanın rəsmi saytı məlumat yayıb.

Ermənistanla bu razılaşma 2015-ci il dekabrın 23-də Moskvada imzalanıb.

Belə bir regional sistem yaradılması, MDB ölkələri birgə hava hücumlarından müdafiə sisteminin tərkib hissəsidir.

Məqsəd Qafqaz regionunda hava hücumlarından müdafiə və hərbi nəzarət sistemlərini gücləndirmək, hava hücumlarından müdafiə silahları və hərbi texnikaları daimi hazır vəziyyətdə saxlamaq, həmçinin digər regional hava hücumlarından müdafiə sistemlərinə daxil olan ordularla qarşılıqlı hərəkət etməkdir.

Bu qüvvələrin hərəkətini Rusiya hava-kosmik qüvvələrinin baş komandanı koordinasiya edəcək, əməliyyatları isə Cənub dairəsinin komandanı həyata keçirəcək.

Qeyd edək ki, Ermənistan parlamenti bu razılaşmanı iyunun sonunda ratifikasiya edib.

Ermənistan parlamentinin sədr müavini Eduard Şarmazanov deyib ki, Ermənistanın köhnə müttəfiqi və strateji münasibətləri olduğu bir ölkə ilə əldə edilən bu razılaşma ölkənin dövlət və milli maraqlarına xidmət edir.