Sosial şəbəkələrdə Bakıdan 40 kilometr aralıda yerləşən Dübəndi qəsəbəsi sahilində Xəzər dənizinin geniş ərazisində qara maye ilə çirklənməni əks etdirən görüntülər yayılıb.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) məlumatına görə, Pirallahı adası ilə Dübəndi arasındakı akvatoriyada gəmilər və helikopter vasitəsilə aparılan ilkin baxış zamanı neft ləkəsi aşkar edilib. Nəzarətli diaqnostik yoxlama nəticəsində çirklənmə mənbəyinin "Azneft" İstehsalat Birliyinə məxsus sualtı neft kəmərlərindən biri olduğu müəyyən edilib.
SOCAR-dan verilən açıqlamada bildirilir: "Sızma mənbəyi müəyyənləşdirildikdən dərhal sonra həmin sualtı kəmərlə neftin nəqli dayandırılıb. "Azneft" İB-nin dalğıc xidmətinin araşdırmaları nəticəsində sualtı neft kəmərində mexaniki zədələnmələr aşkarlanıb. İlkin qiymətləndirməyə əsasən, bu xəsarətlər xarici predmetlə — ehtimal ki, gəmi lövbəri ilə təmas nəticəsində yaranıb. Zədələnmə aşkar edildikdən sonra təmir-bərpa işlərinə başlanılıb".
Xatırlatma
Bu hadisə Xəzər dənizinin ekoloji durumu ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib. Son illər ekoloqlar davamlı olaraq dənizin çirklənməsinə diqqət çəkirlər. Ekspertlərin fikrincə, Xəzərin ekoloji böhranı əsasən qurudan daxil olan çirkab suları, sənaye tullantıları və neft hasilatı ilə bağlı qlobal problemdir.
Ekoloqlar sahilyanı ölkələrin çirklənmə ilə mübarizəsini yetərsiz sayır.
Xəzər dənizi beş ölkə – Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran ilə əhatə olunub.