İsrail mediası ölkənin xüsusi xidmət orqanlarındakı mənbələrə istinadən xəbər verib ki, söhbət adi insidentdən yox, mümkün terror aktı cəhdindən gedir. Məlumata görə, ikinci pilot təyyarənin idarəetməsini ələ keçirərək onu sərnişinlərlə birlikdə yerə çırpmağa çalışıb. Bildirilir ki, ekipaj üzvləri bir neçə sərnişinin köməyi ilə onu zərərsizləşdirə biliblər.
Media sərnişinlərin ifadələrinə əsaslanaraq yazır ki, təyyarənin idarəetməsini salonda olan ehtiyat ekipaj öz üzərinə götürüb.
İddialara görə, bu versiyanı dəstəkləyən dəlillər daha çoxdur, amma hələlik rəsmi təsdiqlənməyib.
İsrail mediasında təyyarədəki sərnişinlərin fotoları da yayılıb. Onların geyimlərində görünən qan izlərinin pilotun qanı olduğu iddia edilir.
İnsidentin dəqiq detalları hələ də tam məlum deyil.
+++
Son məlumatlara görə, göyərtəsində 174 sərnişin olan təyyarə Səudiyyə Ərəbistanına enib. Hadisəyə pilotlar arasındakı davanın səbəb olduğu ehtimal edilir.
İsrail mediası sərnişinlərdən birinə istinadən yazır ki, pilotlardan biri bıçaqlanaraq huşunu itirib.
"FlyDubai" şirkəti təyyarədə fövqəladə vəziyyət yarandığını təsdiqləsə də, detalları açıqlamayıb. Şirkətdən sərnişinlərin tam təhlükəsizlikdə olduğu və onların ardınca ehtiyat təyyarə göndəriləcəyi bildirilib.
+++
Dubaydan (BƏƏ) Təl-Əvivə uçan sərnişin təyyarəsi qəza siqnalı verərək Səudiyyə Ərəbistanı üzərindən geri dönüb.
İsrailin 12-ci kanalının məlumatına görə, pilotlar "kənar müdaxilə" siqnalı da ötürüblər ki, bu da təyyarənin qaçırılmasından xəbər verə bilər. "Flightradar24" xidməti sonradan bu xəbərdarlığın yenidən ümumi qəza siqnalı ilə əvəzləndiyini bildirib.
İsrail mediası ölkənin qırıcı təyyarələrini havaya qaldırdığını, baş nazir Binyamin Netanyahunun isə təcili iclas çağırdığını xəbər verir.