DTX: Terrorçu qrupa qoşulmaqda ittiham olunan Azərbaycan vətəndaşları ölkəyə gətirilib

Xaricdə dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində yaradılmış sabit silahlı qrupun fəaliyyətində iştirakda ittiham olunan Azərbaycan vətəndaşları saxlanılaraq ölkəyə gətirilib. Bu barədə Dövlət Təhlükəsizlik Xidməti (DTX) noyabrın 20-i axşam saatlarında məlumat yayıb. Məlumatda onların hansı ölkədə saxlandığı açıqlanmır.

DTX bildirir ki, əməliyyat-istintaq tədbirləri ilə onlardan birinin ötən il noyabrın 15-də xarici ölkə ərazisinə gedərək orada “İslam Dövləti Xorasan Vilayəti” (İŞİD - Vilayəti Xorasan) terrorçu təşkilatına qoşulması təsbid edilib. Həmin şəxsin dağlıq ərazidə xüsusi hazırlanmış mağara tipli gizli düşərgədə yerləşdirildiyi, odlu silah və döyüş sursatları ilə təchiz olunaraq terror-təxribat aktlarının törədilməsi üçün hərbi təlimlərdə iştirakının müəyyən olunduğu vurğulanır.

Həmin qruplaşmanın digər bir üzvünün isə Azərbaycan tərəfinin verdiyi məlumat əsasında müvafiq dövlətin təhlükəsizlik orqanları ilə birgə tədbirlər nəticəsində saxlanıldığı bildirilir.

Birinci şəxs Cinayət Məcəlləsinin 283-1.3-cü (…dini radikalizm … zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, yaxud bu məqsədlə döyüş təlimləri keçirmə, yaxud həmin məqsədlə fəaliyyət göstərən sabit qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə), ikinci isə 29 ( Cinayət etməyə cəhd), 283-1.3-cü maddələri üzrə məhkəmənin qərarı ilə həbs ediliblər.

Həmin maddələrlə 7 ildən 11 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur.

Rəsmi açıqlamada adları çəkilən şəxslərin vəkilləri və ya yaxınlarından münasibət almaq mümkün olmayıb.

Son illər DTX xaricdə silahlı quruplaşmalarda fəaliyyətdə günahlandırılan bir çox şəxslərin tutularaq saxlanması barədə vaxtaşırı məlumatlar yayır.

DTX iki ay öncə isə 5 ölkədə antiterror tədbirləri keçirildiyini və saxlanılanların olduğunu açıqlamışdı.

Amma bir qayda olaraq, həmin həbs edilənlərin həm ibtidai, həm də məhkəmə istintaqının gedişi ilə bağlı ictimaiyyət sonradan detallı məlumat ala bilmir.