DTX 5 ölkədə əməliyyat keçirildiyini, 10 nəfərin saxlandığını bildirir

DTX

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) beş ölkədə paralel əməliyyatlar keçirildiyini və 10 nəfərin saxlanıldığını bildirib.

Qurumun sentyabrın 18-də yaydığı məlumatda deyilir ki, əvvəllər qanunsuz qruplaşmada fəaliyyətə görə məhkum olunmuş bir şəxs və daha bir neçə nəfərin ölkədə "ictimai, dini xadimlərin həyatına sui-qəsd etmək məqsədilə cinayət əlaqəsinə girməsi təsbit edilib", onların keçirdikləri gizli görüşlər, telefon danışıqları qeydə alınaraq müvafiq qaydada sənədləşdirilib.

Açıqlamaya görə, istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, "onlar planlaşdırılan cinayət əməllərini törətdikdən sonra xaricdəki münaqişə bölgələrinə qaçmaq barədə sövdələşiblər".

Vurğulanır ki, digər dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları ilə birgə keçirilən paralel antiterror əməliyyatları sayəsində beş ölkə ərazisində qruplaşmanın ümumilikdə 10 üzvü saxlanıb. Bu şəxslər terroru maliyyələşdirmə, cinayətkar qrup yaratma, həmçinin dövlət və ya ictimai xadimə sui-qəsdə hazırlıq kimi maddələrlə ittiham olunurlar. Məhkəmənin qərarı ilə onların barəsində həbs qətimkan tədbiri seçilib.

Rəsmi açıqlamaya bu iş üzrə saxlanılan şəxslərin vəkillərindən münasibət öyrənmək mümkün olmayıb. Onların ittihamlara münasibəti bəlli deyil.

Sözügedən maddələrlə ittiham olunan şəxsləri 10 ildən ömürlük həbsə qədər ağır cəzalar gözləyir.