Dövlət Təhlükəsizliyi Xidməti (DTX) bildirib ki, xarici ölkənin Bakıdakı səfirliyinə qarşı terror hücumu etməyə hazırlaşan şəxslər həbs olunublar.
Xidmətin yanvarın 27-də yayılan məlumatına görə, Azərbaycan vətəndaşları - 2000-ci il təvəllüdlü, "Əbüzər əl-Mühacir" dini ləqəbli Q.İ.İ., "Əbdürəşid" dini ləqəbli P.A.E. və "Əbdürrəhman əl-Azəri" dini ləqəbli Ə.E.S.-nin dini düşmənçilik zəminində Bakı şəhərində xarici ölkənin (ölkənin adı çəkilmir) səfirliyinə terror hücumu törətməyə hazırlıq görmələrinə əsaslı şübhələr yaranıb.
"Adıçəkilən şəxslər İŞİD terror təşkilatının "Vilayəti-Xorasan" silahlı qruplaşmasının üzvləri ilə cinayət əlaqəsinə girərək... terror hücumu üçün silah qismində istifadə olunan predmetlər əldə edib xarici dövlətin Azərbaycandakı səfirliyinin yerləşdiyi əraziyə yaxınlaşarkən DTX-nin əməkdaşları tərəfindən saxlanılıb", - məlumatda əlavə edilir.
Onlar Azərbaycan Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3 və 28, 214.2.6 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən... dini düşmənçilik zəminində terrorçuluğa hazırlıq) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib, barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Rəsmi açıqlamaya sözügedən şəxslərin vəkilləri və ya yaxınlarından münasibət almaq mümkün olmayıb.