Xarici xüsusi xidmət orqanlarının məxfi əməkdaşlığa cəlb etməsində şübhəli sayılan Azərbaycan vətəndaşı saxlanıb.
Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yanvarın 9-da yaydığı məlumatda bildirilir.
Məlumatda vurğulanır ki, onu xarici ölkə ərazisində olarkən həmin dövlətin (ölkənin adı çəkilmir) xüsusi xidmət orqanının nümayəndələri maddi maraq əvəzində məxfi əməkdaşlığa cəlb ediblər: "Ölkəyə qayıtdıqdan sonra onların tapşırığı əsasında Naxçıvan şəhəri, Şahbuz rayonu ərazilərində yerləşən hərbi və digər strateji əhəmiyyətli obyektlərin videoçəkilişlərini apararaq xarici xüsusi xidmət orqanının nümayəndələrinə təqdim edib. Həmçinin, qeyd olunan şəxsin yaşadığı mənzilə baxış keçirilərkən oradan "Kalaşnikov" tipli avtomat silahın ayrı-ayrı hissələri aşkarlanaraq götürülüb".
O, Azərbaycan Cinayət Məcəlləsinin 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 274-cü (dövlətə xəyanət) maddələri ilə məsuliyyətə cəlb olunub, məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.
İttihama saxlanan şəxsin (adı çəkilir) və ya yaxınlarının münasibəti bəlli deyil. Həmin maddələrlə şəxsə ömürlük həbs cəzası verilə bilər.
Xatırlatma
Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında bundan əvvəl də dövlətə, vətənə xəyanət ittihamı ilə həbs edilənlər olub. Onlardan bəzilərinin işi müxtəlif şikayətlərə səbəb olub. Belə işlərdən biri də 2011-ci ildə Naxçıvanda müəmmalı şəkildə ölən Turac Zeynalov ilə bağlıdır. Yaxınları iddia edirdilər ki, həmin şəxs haqsız yerə vətənə xəyanətdə ittiham olunub və Naxçıvan Milli Təhlükəsizlik Nazirliyində işgəncə nəticəsində ölüb. Nazirlikdən isə işgəncə iddiaları yalanlanmışdı. Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi 2015-ci ildə ləğv edilib, onun əsasında Dövlət Təhlükəsizliyi Xidməti yaradılıb.