Azərbaycanda terror aktı hazırlığının qarşısının alındığı bildirilir [Video]

DTX

Azərbaycanda terror aktı hazırlayan mütəşəkkil dəstə zərərsizləşdirilib. Bu barədə martın 6-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Facebook səhifəsində yayılan videoda bildirilir.

Vurğulanır ki, İran İslam Respublikasının xüsusi xidmət orqanı olan SEPAH-ın Azərbaycanda planlaşdırdığı terror təxribatları və kəşfiyyat xarakterli məlumatların toplanılmasının qarşısı alınıb.

İddiaya görə, Bakı-Ceyhan neft kəməri, İsrailin Azərbaycandakı səfirliyi, Dağ Yəhudiləri Dini İcmasının rəhbərlərindən biri və Aşkenazi Sinaqoqu hədəf seçilib.

Vurğulandığına görə, İranın iki vətəndaşı Azərbaycan vətəndaşı ilə əlaqə yaradaraq ölkə ərazisinə "C-4" tipli uzaqdan idarə olunan partlayıcı qurğuların keçirilməsini təşkil ediblər. Onların müxtəlif yerlərdə gizlədildiyi bildirilir.

Məlumatda deyilir ki, SEPAH-ın Azərbaycanda ictimai xadimin həyatına sui-qəsd planı da hazırladığı üzə çıxıb.

Habelə bildirilir ki, Azərbaycanın dörd vətəndaşı müvafiq maddələrlə təqsirli bilinərək 6 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Daha bir neçə vətəndaş ictimai xadimin həyatına sui-qəsdə hazırlıq, həmçinin qanunsuz silah və partlayıcı saxlama maddələri ilə cinayət məsuliyyətinə cəlb olunaraq barələrində həbs-qətimkan tədbiri seçilib.

DTX əlavə edir ki, İranın bir neçə vətəndaşı barəsində də beynəlxalq axtarış elan olunub.

Bu açıqlamaya İran İslam Respublikasının rəsmi qurumlarının, habelə haqlarında bəhs edilən şəxslərin özləri və vəkillərindən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

DTX-nın bu məlumatı Naxçıvan Muxtar Respublikasına dron zərbəsindən bir gün sonraya təsadüf edir. Prezident İlham Əliyev buna görə İranı günahlandırıb. İran rəsmiləri isə dron hücumunda əllərinin olmadığını iddia edərək məsələnin araşdırılacağını bildiriblər.