DSX-da daha bir əsgər ölümü

DSX

İyulun 11-də Dövlət Sərhəd Xidmətinin (DSX) daha bir hərbi qulluqçusu həlak olub. Əsgər Cahid Əliyevin xidmətdə olarkən təhkim olunmuş silahdan açılmış atəş nəticəsində həyatını itirdiyi bildirilir.

Bu barədə "Turan"a DSX-dən məlumat verilib.

Faktla bağlı DSX və Hərbi Prokurorluğun araşdırma apardığı qeyd olunur.

Ümumilikdə bu, ötən ilin sonundan DSX-da intihar olduğu deyilən beşinci ölüm hadisəsidir.

+++

Dövlət Sərhəd Xidmətinin (DSX) Naxçıvanda xidmət keçən əsgəri Kənan Bəkiyevin atəş açmaqla özünü öldürdüyü bildirilir.

Hərbi Prokurorluqdan "Turan"a bildirilib ki, fakt üzrə Naxçıvan hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq davam etdirilir.

Prokurorluqdan hadisənin səbəbləri və detalları haqda məlumat verilməyib.

İyunun 10-da da DSX-nin hərbi qulluqçusu, kiçik gizir Rahil Əhmədovun intihar etdiyi bildirilmişdi.