Üç hərbçini öldürməkdə şübhəli sayılan hərbçi həbs edilib

Dövlət Sərhəd Xidmətinin Qubadlı rayonu ərazisində yeni sərhəd zastavası, 19 mart 2021

Yanvarın 2-də xidmət etdiyi sərhəd zastavasının üç hərbçisini güllələməkdə şübhəli bilinən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının müddətdən artıq hərbi qulluqçusu kiçik çavuş Elxan Əvəzli həbs olunub.

Baş Prokurorluqdan verilən məlumata görə, bu gün, yanvarın 4-də Cinayət Məcəlləsinin 120.2.7-ci (Qəsdən adam öldürmə, iki və daha çox şəxsi) maddəsi ittiham edilməklə, onun barəsində Füzuli Hərbi Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Rəsmi ittihama Elxan Əvəzli və onun yaxınlarından, hələlik, münasibət almaq mümkün olmayıb.

Əsgər saxlanıb

Qubadlıda üç hərbçi yoldaşını öldürüb qaçmaqda şübhəli sayılan şəxs saxlanıb.

Bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Rəsmi açıqlamaya görə, Sərhəd Qoşunlarının müddətdən artıq hərbi qulluqçusu kiçik çavuş Elxan Əvəzli yanvarın 2-də xidmət etdiyi sərhəd zastavasının hərbi qulluqçuları -baş leytenant Yusif İsmayılovu, kiçik gizir Amil Cəlilzadəni və kiçik gizir Rəfail İbrahimovu qəsdən öldürüb, silahını ataraq qaçmaqda şübhəli sayılır: "Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Elxan Əvəzli 03 yanvar 2022-ci il tarixdə saat 00:30 radələrində Laçın rayonunun Malxələf kəndi ərazisində aşkar olunaraq şübhəli şəxs qismində saxlanılıb".

Hazırda hadisənin təfərrüatlarının müəyyən edilməsi istiqamətində intensiv istintaq hərəkətlərinin davam etdiyi bildirilir.

Rəsmi açıqlamaya, hələlik, saxlanan əsgərin və ya onun yaxınlarının münasibətini almaq mümkün olmayıb.

Bir hərbçi üç hərbçini qətlə yetirib (Rəsmi)

Yanvarın 2-də Dövlət Sərhəd Xidməti, Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində bir hərbi qulluqçunun 3 hərbçini qətlə yetirdiyi barədə məlumat yayıb.

Məlumatında iddia olunur ki, hadisəni Elxan Əvəzli adlı kiçik çavuş törədib.

"02 yanvar 2022-ci il tarixdə saat 18:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əvəzli Elxan Məhəmməd oğlu naməlum səbəbdən öz xidməti silahından atəş açmaqla xidmət etdiyi sərhəd zastavasının hərbi qulluqçuları baş leytenant İsmayılov Yusif İsmayıl oğlunu, kiçik gizir Cəlilzadə Amin Fuar oğlunu və kiçik gizir İbrahimov Rəfail Natiq oğlunu qətlə yetirmişdir. Bundan sonra baş çavuş E.Əvəzli silahını ataraq hadisə yerindən qaçmışdır".

Məlumatda qətl törətməkdə iddia olunan həmin hərbçinin axtarışı ilə bağlı tədbirlərin davam etdirildiyi vurğulanır.

Həmçinin qeyd olunur ki, Dövlət Sərhəd Xidməti və Baş Prokurorluğun əməkdaşları tərə­findən hadisə ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Buna da bax: Prezident Qubadlıda

Hələki 3 hərbçinin qətlində ittiham olunan kiçik çavuş Elxan Əvəzlinin yaxınlarından bu hadisəyə münasibət öyrənmək mümkün olmayıb.

Buna da bax: Şuşa Bəyannaməsi imzalandı (Videolar)