Azər Mursaqulov Azərbaycan Dövlət Statistika Komitəsinin (DSK) sədri təyin edilib.
Prezident İlham Əliyev bu barədə fevralın 10-da Sərəncam imzalayıb.
Yeni sədr kimdir?
1981-ci ildə doğulan A.Mursaqulov 2007-2010-cu illərdə Maliyyə Nazirliyində müxtəlif vəzifələrdə, o cümlədən nazirin iqtisadi məsələlər üzrə köməkçisi, 2010-12-ci illərdə Vaşinqtonda, Beynəlxalq Valyuta Fondunun baş qərargahında Fondun icraçı direktorunun müşaviri, 2012-2019-cu illərdə isə Maliyyə Nazirliyinin Dövlət Borclarının İdarə Edilməsi Agentliyində şöbə müdiri və direktor müavini vəzifələrində çalışıb.
2019-cu ildən bu təyinata qədər də Maliyyə Nazirliyi yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru olub.
Tahir Budaqov
9 fevral
Tahir Budaqov 47 günün başçısını əvəz edəcək
Tahir Budaqov Dövlət Statistika Komitəsinin (DSK) sədri vəzifəsindən azad edilib. O, prezidentin başqa bir sərəncamı ilə Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
T.Budaqov 2015-ci ildən DSK-ya rəhbərlik edirdi. O, hakim Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, Mərkəzi Aparatın rəhbəridir.
Həmin vəzifədən öncə isə o, Bakının qonşu Nizami rayonuna rəhbərlik edib.
DSK-nın açıqladığı rəqəmlərə, bir qayda olaraq, müstəqil ekspertlər şübhə ilə yanaşırlar. Onların fikrincə, Azərbaycanda DSK SSRİ dönəmində olduğu kimi fəaliyyət göstərir, rəqəmləri hökumətin maraqlarına uyğunlaşdırır. Həmin ekspertlər, üstəlik, hesab edirlər ki, bu hal Budaqovdan öncə də elə belə olub.
Amma DSK-da belə tənqidləri əsassız sayırlar.
Xatırlatma
Ötən il dekabrın 29-da prezident Elxan İbrahimovu Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad etmişdi. O, həmin vəzifəyə noyabrın 12-də təyin edilmişdi.
Həmin vaxt E.İbrahimovun cəmi 47 günün tamamında vəzifəsini itirməsi yerli mediada ona qarşı tənqid və iddiaların yönəlməsinə səbəb olmuşdu. Amma onun özü bu məsələyə münasibət bildirməmişdi.