Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı əməkdaşları koronavirusa yoluxduğuna görə fəaliyyətini müvəqqəti dayandırıb.
Bu barədə "Turan"a teatrdan məlumat verilib.
Bildirilib ki, yanvarın 23-dən fevralın 7-dək teatrın öz iş fəaliyyətini müvəqqəti dayandırması haqqında qərar qəbul olunub: "Qeyd olunan tarixlərə təyin edilmiş tamaşa nümayişləri və məşqlər təxirə salınır. Həmin tarixlərdə nəzərdə tutulan tamaşalar fevralın 7-dən etibarən nümayiş olunacaq".
Xatırlatma
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 5.6 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə indiyə kimi ümumilikdə 636 min 956 nəfərin koronavirusa yoluxma faktının müəyyən edildiyi, onlardan 8 min 632-nin vəfat etdiyi bildirilib. Son həftələr ölkədə rəsmən bu virusa yoluxmada artım olduğu vurğulanır.