Bu il dövlət qurumlarına yüzlərcə kiberhücum olduğu bildirilir

Haker

Azərbaycanda dövlət qurumlarına 600-dən çox kiberhücumların qarşısı alınıb. Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin bu gün, oktyabrın 7-də yaydığı məlumatda bildirilir.

Məlumatda qeyd edilir ki, bu ilin üç rübü ərzində onların analizi nəticəsində 650 kiberhücum indikatoru müəyyən edilib: "Sözügedən kiberhücum indikatorlarının bloklanması nəticəsində dövlət qurumlarına qarşı hazırlanmış və xüsusi hədəflənmiş APT kiberhücumlarının qarşısı alınıb. Bu kibertəhdidlərin 216-sı daxili araşdırma, 434-ü isə dövlət qurumlarının müraciətləri əsasında müəyyən olunub".

Xidmət kiberhücumlara məruz qalan dövlət qurumlarının adını açıqlamayıb.

APT kiberhücum nədir?

APT kiberhücumu (Advanced Persistent Threat) dövlət və ya böyük təşkilatları hədəf alan uzunmüddətli, təkmil kiberhücum növü sayılır. Bu hücumları xüsusi qrupların həyata keçirdiyi, məqsədlərinin casusluq, məlumat oğurluğu və ya təxribat olduğu vurğulanır. APT hücumlarının sistemə uzunmüddətli girişi təmin edərək təhlükəsizlik tədbirlərini aşmaq və sistemin işinə davamlı müdaxilə etmək üçün hazırlandığı deyilir.

İlk olaraq 1994-cü ildə Azərbaycan Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsinin Maddi-texniki təchizat şöbəsinin tərkibində "Rabitə və texniki bölmə" kimi yaradılmış qurum sonralar müstəqil şöbə, idarə və departament olaraq fəaliyyətini Xüsusi Dövlət Mühafizə Xidmətinin strukturunda davam etdirib. 2020-ci ildə isə ayrıca Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti yaradılıb.