Doqquzuncular buraxılış imtahanında esse yazacaqlar

Məleykə Abbaszadə, 15 iyul 2016

9-cu sinifi bitirənlərin biliyinin yekun qiymətləndirilməsi yeni qaydalar əsasında olacaq.

Bunu Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadə Göyçayda dekabrın 3-də keçirilən seminarda deyib.

Onun sözlərinə görə, buraxılış imtahanı Azərbaycan bölməsinin şagirdləri üçün Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün rus dili və hər iki bölmə üzrə riyaziyyat fənnindən ibarət olmaqla iki mərhələdə keçiriləcək.

APA bildirir ki, birinci mərhələdə şagirdlərə Azərbaycan dili və rus dili fənlərindən oxuyub-anlama və yazı bacarıqlarını yoxlamaq məqsədilə 2 mətn əsasında 10 açıq, 10 qapalı, riyaziyyat fənnindən riyazi bacarıqları yoxlamaq üçün 10 açıq, ümumilikdə, iki fənn üzrə 30 test tapşırığı təqdim ediləcək.

Meleykə Abbaszadənin sözlərinə görə, ikinci mərhələdə digər məzmun standartları üzrə bilik və bacarıqları yoxlamaq məqsədilə hər bir fənn üzrə 30 qapalı, ümumilikdə 60 test tapşırığı təqdim olunacaq. Bundan əlavə, şagirdlər birinci mərhələdə təqdim edilmiş mövzu üzrə könüllülük prinsipi əsasında inşa (esse) yazacaqlar. Ümumi orta təhsil haqqında fərqlənmə attestatı almaq üçün inşanın (essenin) qiyməti nəzərə alınacaq.

Azərbaycan və rus dilləri istisna olmaqla, digər dillərdə tədris aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanını yalnız riyaziyyat fənnindən verəcəklər. Onlara birinci mərhələdə 10 açıq, ikinci mərhələdə 30 qapalı test tapşırığı təqdim ediləcək. Birinci mərhələnin 2017-ci ilin fevral və mart, ikinci mərhələnin isə iyun ayında keçirilməsi nəzərdə tutulur. Buraxılış imtahanında iştirak etməyən şagirdlərə ümumi orta təhsil haqqında sənəd verilməyəcək.