Ceyhun Bayramov ABŞ dövlət katibinin köməkçisi ilə danışıb

Ceyhun Bayramov

Karen Donfrid Azərbaycan Ermənistan sərhədində yaşanan gərginlikdən narahatlığını ifadə edib, hər iki tərəfi deeskalasiyaya və fikir ayrılıqlarını sülh yolu ilə həll etməyə çağırıb

Bugün, noyabrın 18-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridlə telefon danışığı olub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Məlumata görə, Karen Donfrid Azərbaycan Ermənistan sərhədində yaşanan gərginlikdən narahatlığını ifadə edib, hər iki tərəfi deeskalasiyaya və fikir ayrılıqlarını sülh yolu ilə həll etməyə çağırıb:

“Nazir Ceyhun Bayramov son günlərdə Ermənistan tərəfindən məqsədyönlü şəkildə törədilən silsilə təxribatçı addımlar barədə qarşı tərəfə ətraflı məlumat verib. Nazir bölgədə vəziyyətin gərginləşməsi məsuliyyətinin bilavasitə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü vurğulayıb”

Məlumata görə, o, Azərbaycanın beynəlxalq hüququn prinsipləri əsasında Ermənistanla delimitasiya prosesinə başlamağa hazır olduğunu, lakin Ermənistan tərəfindən buna qarşılıq verilmədiyini qeyd edib.

Azərbaycan XİN bildirir ki, telefon danışığı zamanı tərəflər, həmçinin digər regional təhlükəsizlik məsələləri ərtafında da fikir mübadiləsi aparıblar.

Son günlər Azərbaycan Ermənistan sərhədindən atəşkəsin pozulması ilə bağlı həyacanlı xəbərlər gəlib.

Azərbaycan tərəfi bildirib ki, təkcə noyabrın 16-da döyüşlərdə 7 hərbi qulluqçusu həlak olub, 10-u isə yaralanıb.Ermənistan tərəfi də bununla bağlı açıqlamasında 1 hərbi qulluqçusunun həlak olduğunu, 10-dan çoxunun əsir götürüldüyünü, 20-dən çoxundan isə məlumat olmadığını bildirib.

Tərəflər atəşkəsin pozulmasına görə də , qarşılıqlı olaraq bir-birlərini günahlandırıblar.

Xatırlatma

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Daha sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.