Rusiyanın Müdafiə Nazirliyi Ukraynanın Xarkov vilayətində Kraxmalnoye kəndini ələ keçirdiyini bəyan edib. Ukrayna Silahlı Qüvvələri kənddən geri çəkildiyini təsdiqləyib.
Ukrayna quru qüvvələrinin spikeri Vladimir Fityo deyib ki, hərbçilər "daha hazırlıqlı" hüdudlara yerləşiblər. Onun sözlərinə görə, Rusiyanın müdaxiləsinə qədər Kraxmalnoye kəndində 45 nəfər yaşayıb, "beş ev vardı, onları da Rusiya ordusu dağıdıb".
Kraxmalnoye kəndini Ukrayna hərbçiləri 2022-ci ilin payızında Xarkov vilayətində əks-hücum zamanı azad etmişdilər.
Bazar vurulub, 27 nəfər həlak olub
Yanvarın 21-də Rusiyanın işğal etdiyi Donetsk şəhəri yaxınlığında bazarın atəşə tutulması nəticəsində azı 27 nəfər öldürülüb. Məlumatı Donetskə Rusiyanın təyin etdiyi başçı açıqlayıb. Denis Puşilin zərbəyə görə Ukrayna ordusunu ittiham edib, daha 25 nəfərin yaralandığını deyib.
Donetskə Rusiyanın təyin etdiyi mer Aleksey Kulemzin bildirib ki, Ukrayna qüvvələri mağazalar və bazarın yerləşdiyi ərazini bombardman ediblər.
Kiyev bu hadisəni şərh etməyib.
Zelenskinin açıqlaması
Rusiyanın Xarici İşlər Nazirliyi zərbəyə görə Ukraynanı ittiham edib, bunu "terror hücumu" adlandırıb.
Ukrayna prezidenti Volodimir Zelenski X platformasında yazıb ki, Moskva müharibəyə başlamasaydı, indi minlərlə insan sağ olardı. Amma o, işğal altında olan Donetskə zərbədən danışmayıb.
Zelenski yanvarın 21-də Ukraynanın azı 100 şəhərinin, kəndinin atəşə tutulduğunu, ölənlərin, yaralıların olduğunu qeyd edib.
"BMT-nin baş katibi Antonio Quterreş mülkilərə və mülki infrastruktura bütün hücumları, o cümlədən Ukraynanın Donetsk şəhərinin atəşə tutulmasını qətiyyətlə pisləyir", - BMT-nin sözçüsü deyib. O, belə hücumların beynəlxalq humanitar qanunla qadağan olunduğunu vurğulayıb.