Moskva şəhər Məhkəməsi dekabrın 25-də müğənni Larisa Dolinanın Xamovnikidəki mənzildən istifadə hüququna xitam verib.
AzadlıqRadiosunun rus xidməti yazır ki, məhkəmə qapalı iclasda bu mənzili almış Polina Luryenin Dolinanın çıxarılması haqda tələbini təmin edib.
Dolinanın təmsilçisi və prokurorluq müğənniyə mənzildən çıxmaq üçün vaxt verilməsini xahiş ediblər. Luryenin nümayəndəsi isə məhkəmədən Dolinanın dərhal çıxarılmasını istəyib, onun müştərisinin yaşamağa yeri olmadığını deyib.
Keçən ilin avqustunda L.Dolina bahalı mənzilinin satışı zamanı telefon fırıldaqçılarının qurbanı olduğunu bildirib. Bu məsələ Rusiyada böyük ictimai rezonans doğurub. Daşınmaz əmlakın alqı-satqısı zamanı dələduzluq sxemlərinin kütləvi yayılması gündəmə gəlib.
Xamovniki məhkəməsi mənzilin müğənniyə qaytarılması ilə bağlı qərar çıxarıb. Mənzilin alıcısı Polina Lurye isə qərarı yuxarı instansiyalarda mübahisələndirib.
Bu il dekabrın 16-da Rusiya Ali Məhkəməsi mənzil üzərində Luryenin mülkiyyət hüququnu tanıyıb. Luryenin Dolinaya qarşı mənzildən istifadə hüququna xitam verilməsi ilə bağlı iddiası isə yenidən baxılmaq üçün Moskva şəhər Məhkəməsinin apellyasiya instansiyasına göndərilib.