Fevralın 13-də Bişkekin 1 May rayon Məhkəməsi 41 yaşlı Ernis Jeentayevi 6 il azadlıqdan məhrum edib. Məlumatı onun vəkili Nurbek Sıdıkov verib.
Jeentayev ötən il noyabrın 10-da saxlanılıb. Cinayət işinin başlanmasına onun şəxsi Facebook səhifəsindəki paylaşımları səbəb olub. Ona kütləvi iğtişaşlar, ekstremist materialların saxlanması maddələri ilə ittiham irəli sürülüb.
İstintaq çərçivəsində paylaşımlarla bağlı məhkəmə-linqvistik ekspertiza aparılıb. Ekspert rəyinə görə, mətnlərdə "kütləvi iğtişaşlara çağırışlar" yer alıb.
Jeentayev uzun illər paytaxtın müstəqil nəşrlərində dizayner kimi çalışıb. 2022-ci ildən Dövlət dili üzrə Milli Komissiyanın nəzdindəki "Ak bilim" nəşri, eləcə də lady.kg və "Kırqız tili" qəzeti ilə əməkdaşlıq edib.
Jeentayev Facebook səhifəsində "Kumtor" yatağının milliləşdirilməsi, müstəqil jurnalistlərin həbsi, mütəşəkkil cinayətkarlıq problemi, hakimiyyətin fəaliyyəti ilə bağlı tənqidi fikirlər yazıb.
"Azattyq Asia" onun üç azyaşlı övladının olduğunu yazır. Anası ağır yataq xəstəsidir. Həyat yoldaşı məktəbdə müəllim işləyir.
Son illər Qırğızıstanda sosial şəbəkələrdəki paylaşımlara görə vətəndaşların saxlanılması, məhkəmə təqibi halları qeydə alınır.