'Azərbaycanda din azadlığının durumu pisləşib'

Təzə Pir Məscidi

Ötən il Azərbaycanda din azadlığının durumu pisləşib. İl ərzində hökumət müstəqil dini fəaliyyətə repressiyanı artırıb, sünni məscidlərini bağlayıb, dini mağazalarda reydlər keçirib, «Yehova Şahidləri» icmasını və bəzi protestant icmalarını təqib edib. Birləşmiş Ştatların Beynəlxalq Din Azadlığı Komissiyasının (USCIRF) aprelin 26-da açıqladığı illik hesabatında belə deyilir.

«Azərbaycana beynəlxalq terrorçuluq riski olsa da, hakimiyyət bu təhlükədən dinc dini narazılığın boğulmasında bəhanə kimi yararlanır. 2017-ci ilin yanvarında 18 şiə fəal 10 ildən 20 ilədək həbs cəzasına məhkum edildi. Onlar terrorçuluqda da ittiham olundular. Yerli QHT-lərdən biri ötən ilin dekabrınadək 86 nəfərin dini inancına görə həbsə atıldığını hesablayıb. Bu səbəblərdən USCIRF Azərbaycanı 2013-cü ildən olduğu «ikinci dərəcəli ölkələr» (Tier 2) sırasında saxlayıb», – hesabatda vurğulanır.

BƏHANƏ

Bu qrupda Azərbaycanla yanaşı, Əfqanıstan, Bəhreyn, Kuba, Misir, Hindistan, İndoneziya, İraq, Qazaxıstan, Laos, Malayziya və Türkiyə də yer alıb. Bu ölkələrdə din azadlığının ciddi pozulduğu bildirilir.

Hesabatda qeyd edilir ki, bir çox postsovet ölkələrində olduğu kimi, Azərbaycanda avtoritarizmin güclənməsi və dünyəvi siyasi müxalifətin sıxışdırılması dini siyasi müxalifətin yaranmasına səbəb olub. Hökumətsə onları terrorçuluq və digər qanunsuz fəaliyyətə bağlamaqla gözdən salmağa çalışır.

Nardaran məhbusları

Buna misal kimi bu ilin yanvarında məhkum edilmiş Taleh Bağırov və daha 17 inanclı şəxs göstərilir. «İnsan haqları fəalları onların bir il davam edən məhkəməsini ədalətsiz adlandırıb. Məhkəmədə ağır işgəncə halları barədə iddialar səslənib», – hesabatda qeyd olunur.

Sənəddə dini qrupların fəaliyyət göstərməkdən ötrü qeydiyyatdan keçməsinin vacibliyinə diqqət çəkilir. Qeydiyyatsız dini qruplar «qanunsuz» elan olunur, basqınlara, yaxud cərimələrə məruz qalırlar. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin qeydiyyat müraciətlərindən imtina etdiyi vurğulanır. Hesabatda bildirilir ki, ötən ilin noyabrında xeyli sayda dini icma 2009-cu ildə etdikləri müraciətlərə hələ də cavab gözləyirdilər. Qafqaz Müsəlmanları İdarəsinin kurasiyasından kənar bütün müstəqil məscidlərin, protestant icmalarının, «Yehova Şahidləri»nin hüquqi status ala bilmədiyi qeyd olunur.

MÜSBƏT MƏQAMLAR DA VAR

Hesabatda yəhudilərin uzun müddət Azərbaycanda yaşayıb cəmiyyətə inteqrasiya olunduğu, antisemitizmlə üzləşmədiyi də vurğulanır. Bundan başqa, kiçik katolik icması mövcuddur, hökumət onlara kilsə tikməyə pul da ayırıb. Ancaq Qaxda iki gürcü pravoslav icması qeydiyyatdan keçsə də, dini mərasim keçirə bilmirlər.

Naxçıvan Muxtar Respublikasında din azadlığına daha sərt məhdudiyyətlərin qoyulduğu bildirilir.

Hesabat müəllifləri vətəndaş cəmiyyəti və demokratiya üzrə ABŞ-Azərbaycan dialoqunun irəliləyə bilmədiyini yazırlar. Bu dialoqun anonsu 2015-ci ilin fevralında verilmişdi. Ötən il Dövlət Departamentinin hökumətin müxalifət fəalları, siyasətçilər, jurnalistlərə təzyiqlərinin pislədiyi də yada salınır.

Namaz

ABŞ HÖKUMƏTİNƏ TÖVSİYƏLƏR

Hesabatda ABŞ hökumətinə tövsiyə olunur ki,

- Azərbaycan hökumətini dini qanunvericiliyi Avropa Şurası Venesiya Komissiyasının və ATƏT-in tövsiyələrinə uyğunlaşdırmağa çağırsın;

- vicdan məhbuslarının buraxılmasından ötrü Azərbaycan hökumətiylə ən yüksək səviyyədə işləsin;

- Azərbaycandakı ABŞ səfirliyi insan haqları və dini fəallarla təması saxlasın;

- Azərbaycan hökumətini BMT-nin din azadlığı, məhkəmələrin müstəqilliyi və işgəncələr üzrə xüsusi məruzəçilərinin səfərlərinə icazə verməyə çağırsın;

- hökumət dini qrupların qeydiyyatsız da azad işləyə bilməsinə imkan versin;

- din və inanc azadlığı qrant kateqoriyası kimi müəyyənləşdirilsin, Milli Demokratiya Fondu uyğun proqramlara qrant ayırmağa həvəsləndirilsin.

ABŞ hökumətinə daha bir tövsiyə AzadlıqRadiosunun və «Amerikanın Səsi»nin Azərbaycan xidmətlərinə maliyyənin kəsilməməsidir.

Hakimiyyət təmsilçiləri bu hesabata, hələlik, münasibət açıqlamayıb. Ancaq, ənənəvi olaraq, ölkədə bütün təməl azadlıqlar kimi, din azadlığının da qorunduğu, təmin olunduğu bildirilir.