Dik Çeyni 84 yaşında vəfat edib

Dik Çeyni

ABŞ-nin keçmiş vitse-prezidenti, 2003-cü ildə İraqın işğalını dəstəkləyən Dik Çeyni 84 yaşında vəfat edib. Tarixçilər onu ölkə tarixində ən güclü vitse-prezidentlərdən biri sayırlar.

Ailəsinin məlumatına görə, Çeyni noyabrın 3-də pnevmoniya, ürək-damar xəstəliklərinin ağırlaşmasından vəfat edib.

Respublikaçı D.Çeyni konqresmen, müdafiə naziri olub. Texasın ovaxtkı qubernatoru Corc Buş 2000-ci ildə prezident seçkisinə onunla birlikdə gedib.

2001-2009-cu illərdə vitse-prezident postunda olan Çeyni prezidentlik səlahiyyətlərinin genişləndirilməsinə çalışıb. O, eyni zamanda, vitse-prezident idarəsinin nüfuzunu gücləndirib, milli təhlükəsizlik komandası yaradıb.

Çeyni 2003-cü ildə İraqın işğalının qatı tərəfdarlarından, İraqda iddia olunan kütləvi qırğın silahları təhlükəsi ilə bağlı Buş administrasiyası rəsmiləri arasında ucadan danışanlardan olub. Amma İraqda bu silahlar tapılmadı. Çeyni isə sonralar israr edirdi ki, ozamankı kəşfiyyat məlumatlarına əsasən işğal, İraq prezidenti Səddam Hüseynin devrilməsi düzgün qərar idi.

Onun qızı Liz Çeyni də nüfuzlu respublikaçı konqresmen olub. Ancaq o, respublikaçı prezident Donald Trampa qarşı çıxandan, onun impiçmentinə səs verəndən sonra Nümayəndələr Palatasındakı yerini itirib. Atası onunla razılaşıb, 2024-cü ildə demokratlardan namizəd Kamala Harrisə səs verəcəyini deyib.

Çeyni ürək problemlərindən əziyyət çəkib, 37 yaşında ürəktutmaları olub. 2012-ci ildə ona ürək köçürülüb.