Hökuməti tənqid edən müəllim: 'Sizi maraqlandırmır ki, bu, insan həyatıdır'

Dəyanət Çələbiyev

Sosial mediada Azərbaycandakı idarəetməni tənqid edən ingilis dili müəllimi Dəyanət Çələbiyev deyir ki, məhz buna görə aylardır özünə də, ailəsinə də işgəncə yaşadırlar. 7 aydır həbsdə olan müəllim bildirib ki, ailəsinin yeganə qazanc gətirəni idi.

D.Çələbiyev 2025-ci ilin dekabrından Mirsahib Xudaverdizadə adlı şəxsi bıçaqlamaqda ittiham olunaraq həbs edilib. Özü isə deyir ki, nəinki kimisə bıçaqlamaq, əksinə, ona hücum edib, ardınca da tutub aparıb, şərləyib həbs ediblər.

Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Mahirə Kərimovanın sədrlik etdiyi hakimlər kollegiyası baxır. İyulun 16-da məhkəmədə təqsirləndirilən müəllim hakimlərdən narazılığını dilə gətirib. Deyib ki, heç bir cinayət törətmədiyi halda, 7 aydır həbsdə saxlanılır. Qızmar yay günlərində məhkəməyə gətirilir, saatlarla zirzəmidə saxlanılır, hakim prosesi bir saat yubadır, sonra da tələsik 15-20 dəqiqə keçirib, təxirə salır:

“Sizi maraqlandırmır ki, bu, insan həyatıdır. Ailəm hər dəfə Mingəçevirdən gəlir. Ailəm dolana bilmir, evdə işləyən yoxdur. Bu istidə Kürdəxanıda qala bilmirəm. Sizin vecinizə də deyil. Gələn dəfə məhkəməyə gəlməyəcəm”.

Zərərçəkmiş qismində tanınan M.Xudaverdizadə məhkəmə prosesinə gəlmir. D.Çələbiyev buna da etiraz edib. Deyib ki, əgər həqiqətən bıçaqlansaydı, həqiqətin üzə çıxmasında maraqlı olar, məhkəməyə gələrdi.

Təqsirləndirilən müəllim ifadəsində bildirib ki, hadisə günü əlində kompüteri yolda gedərkən qəfildən hücuma məruz qalıb. Onun sözlərinə görə, binanın altındakı keçid hissədə bir nəfər onu itələyib və daha sonra bıçaqlandığını iddia edib. Dərhal da polislər gəlib, onu tutub aparıblar.

D.Çələbiyev vurğulayıb ki, nə əlində bıçaq olub, nə də kiməsə xəsarət yetirib. Onun fikrincə, sosial mediadakı tənqidlərinə görə bu şəkildə cəzalandırılıb.

Xatırlatma

45 yaşlı Dəyanət Çələbiyev 2025-ci il dekabrın 22-dən həbsdədir. Ona Cinayət Məcəlləsinin 126.2.4 (xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221-ci (xuliqanlıq) maddələrilə ittiham verilib. Bu maddələrdə 11 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulub.

O, həbsindən bir gün öncə - dekabrın 21-də Facebook hesabında uzun illərdir mərkəzində Prezident İlham Əliyev və ailə üzvlərinin dayandığı hakimiyyət modelinin ölkəni fəlakətə apardığını yazmışdı: “Əliyevin ailə hakimiyyəti ölkəni gücləndirmədi, ölkəni zəiflətdi. Dövlət şəxsləşdirildi, xalq kənarlaşdırıldı, gələcək ipoteka altına qoyuldu”.

İctimai fəal bundan öncə 2025-ci ilin mayında inzibati qaydada həbs olunmuşdu. O zaman xırda xuliqanlıq və polisə müqavimət ittihamıyla ona 30 sutka inzibati həbs cəzası verilmişdi. D.Çələbiyev bu ittihamları qəbul etməmiş, sosial şəbəkələrdə hökumətin ünvanına tənqidi fikirlərinə görə cəzalandırıldığını söyləmişdi.

Son illər bir çox ictimai-siyasi fəal kiməsə bıçaqla xəsarət yetirmək ittihamıyla həbs olunub. Onların arasında işçi hüquqlarını qoruyan Afiyəddin Məmmədov, AXCP sədri Əli Kərimlinin mühafizəçisi olmuş Kənan Zeynalov (Basqal), ictimai fəallar Əhməd Məmmədli, Nicat İbrahim, keçmiş diplomat Emin İbrahimov və başqaları var.

Bu şəxslərin hamısı özünü təqsirli bilmir, heç kimə xəsarət yetirmədiklərini bildirirlər. Deyirlər ki, zərərçəkmiş qismində tanınan şəxslər qəfildən qarşılarına çıxıb və bıçaqlandığını iddia edərək özünü yerə yıxıb.

Hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahıya görə, hazırda Azərbaycanda 328 nəfər siyasi məhbus var.

Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbus olması barədə deyilənlərlə razılaşmır və vurğulayırlar ki, adları siyasi məhbus siyahısında yer alan şəxslər törətdikləri cinayətə görə mühakimə ediliblər.