Gənc fəal cərimələndiyini deyir

Dəyanət Babayev

Gənc fəal Dəyanət Babayev 51 manat cərimələndiyini bildirir. O, polisin qanuni tələbinə əməl etməməkdə günahlandırıldığını deyir.

D.Babayevin sözlərinə görə, bu gün, fevralın 24-də mühacirətdəki fəal Tural Sadıqlının atası və başqa fəallarla birgə Binəqədidəki müvəqqəti saxlama təcridxanasına gedib. Məqsədləri isə T.Sadıqlının inzibati qaydada həbs edildiyi bildirilən qardaşından xəbər almaq olub.

“Təcridxanada məni içəri dəvət etdilər. Etiraz etmədim, məni bir otağa saldılar. Kobud rəftar olmadı, sadəcə, 25 dəqiqəyədək gözlətdilər”, deyən gənc fəalın vurğulamasına görə, daha sonra tanımadığı iki mülki geyimli şəxs onunla profilaktik məzmunda söhbət edib.

“Məndən müxtəlif məsələlər haqda soruşdular. İctimai-siyasi fəallarla, hüquq müdafiəçiləri ilə hansı əlaqələrimin olduğunu soruşurdular. Dövlətçilik əleyhinə çağırışların, təhqirin yolverilməz olduğunu bildirirdilər. Dedilər ki, “belələrinin axırı necə olur, görürsüz”. Siyasi məhbuslar haqda danışdılar. Soruşurdular ki, hüquq müdafiəçilərinə pul necə, hardan gəlir və sair. Bildirdilər ki, indi tutduğum yol doğru yol deyil. Həbs edilən, azadlığa çıxan bəzi fəalları xatırlatdılar, onların xəbər saytlarının, imkanlarının olmasından bəhs etdilər”, deyən gənc fəalın sözlərinə görə, onunla söhbət 40 dəqiqəyədək davam edib.

Buna da bax: İlham Əliyevin sərəncamları: Pensiya artımı, yoxsa seçki təbliğatı?

Sizin brauzer HTML5-i dəstəkləmir

İlham Əliyevin sərəncamları: Pensiya artımı, yoxsa seçki təbliğatı?

Daha sonra O, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinə təhvil verildiyini açıqlayıb.

Gənc fəalın deməsinə görə, bölmədə ona məlum olub ki, inzibati qaydada məsuliyyətə cəlb edilib:

“Bölmədə inzibati protokol təqdim etdilər. Guya, mən təcridxanaya özbaşına gəlmişəm, polisin qanuni tələbinə əməl etməmişəm, sakitliyi pozmuşam. İnzibati Xətalar Məcəlləsinin 510.1 maddəsi ilə (Polisin qanuni tələbinə əməl etməmək) 51 manat cərimə olunmuşam”.

D.Babayev inzibati protokolun əsassız olduğunu, onunla razılaşmadığını bildirib.

Gəncin bu açıqlamasına, hələlik, Binəqədi Rayon Polis İdarəsindən və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Tural Sadıqlının qardaşı Elgiz Sadıqlının isə dünən fevralın 23-də 30 sutka inzibati həbs edildiyi bildirilir.Atası Əlövsət Sadıqlının deməsinə görə, bunu ona Daxili İşlər Nazirliyindən bildiriblər.Ancaq atası iki gündür oğlunun harda saxlandığını öyrənə bilmir.Hüquq mühafizə orqanlarından Elgiz Sadıqlı ilə bağlı deyilənləri də dəqiqləşdirmək cəhdləri nəticə verməyib.

Xatırlatma

D.Babayev əvvəllər Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü olub. O, 2013-cü ildə xuliqanlıqda günahlandırılaraq 2 ay həbs cəzası alıb. D.Babayev ondan əvvəl - 2011-12-ci illərdə müxalif qüvvələrin razılaşdırılmamış etiraz aksiyalarında bir neçə dəfə saxlanıb və inzibati qaydada həbs edilib.

Avropa İnsan Hüquları Məhkəməsi (AİHM) ötən il onun inzibati qaydada həbs edilməsindən verilmiş şikayətlərinə baxıb. Həmin həbslərlə gəncin hüquqlarının pozulduğu təsdiq edilib.

AİHM-in qərarına əsasən, Azərbaycan hökuməti D.Babayevin inzibatı həbsinə görə, 10 min avrodan artıq cərimələnib.