Səməd Seyidov: 'Azərbaycan hökuməti o səviyyədə deyil ki...'

Web Screenshot. Bloklanmış Azadliq.org saytı. 28mart2017

“Azərbaycan hökuməti o səviyyədə deyil ki, bu gün hansısa saytın girişinə müdaxilə etsin, onu qəsdən bağlatdırsın”.

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, hakim partiyanın üzvü Səməd Seyidov son günlər ölkə daxilində azadliq.org, azadliq.infomeydan.tv saytlarına girişin çətinləşməsini şərh edərkən belə deyib.

O, sualı sualla da cavablayıb: “Sizcə, müasir dünyada, internetdə hansısa məlumat mənbəyini bağlamaq mümkündür?”. Deputat ardınca bunun imkansız olduğunu bildirmək üçün əlavə edib:

Buna da bax:​ azadliq.org saytına giriş çətinləşib

Səməd Seyidov

“Siz sərbəst şəkildə Yeni Azərbaycan Partiyasının üzvü, parlamentin Beynəlxalq Münasibətlər Komitəsinin sədrinə zəng vurmusunuz, o da AzadlıqRadiosu-nun suallarına cavab verir. Siz hansısa məhdudiyyət hiss edirsiniz? Məncə, yox. Onda bu sualın yeri varmı?”.

Səməd Seyidovun fikrincə, saytların “hakimiyyət tərəfindən bloklanması haqda səslənən fikirlər” həqiqətəuyğun deyil və məsələ qəsdən “siyasiləşdirilir”:

Sizin brauzer HTML5-i dəstəkləmir

Səməd Seyidov: 'Bəzi qüvvələr hesab edirlər ki, hansısa texniki problemləri siyasiləşdirmək onlara dividend gətirə bilər'

“Bəzi dairələr, bəzi qüvvələr hesab edirlər ki, hansısa texniki problemləri siyasiləşdirmək onlara dividend gətirə bilər. Mən sizi inandırıram ki, oxucu üçün hansısa məlumat maraqlıdırsa, xəbər ciddidirsə onsuz da çatdırılacaq. Azərbaycan hökuməti o səviyyədə deyil ki, bu gün hansısa saytın girişinə müdaxilə etsin, qəsdən onu bağlatdırsın. Azərbaycanda bu gün informasiya məkanı qanun çərçivəsində formalaşır. Bu informasiya məkanı qanunvericiliyi pozmursa, qanunlara riayət edirsə, heç kimə təhlükə yoxdur. Yox, qanun pozulursa, sualı müvafiq orqanlara verin. Amma buna siyasi don geyindirərək dövlətin, hökumətin sayt səviyyəsinə endirilməsi düzgün deyil”.

Buna da bax:​ Bloklanan sayta girmək olarmı?

Fazil Mustafa: “İqtidar saytları da oxşar problemlə üzləşirlər”

Fazil Mustafa

Deputat Fazil Mustafa üç sayta ölkə daxilində girişin qəlizləşdirilməsini təsadüf, yoxsa hakimiyyətin müdaxiləsi kimi dəyərləndirməyə çətinlik çəkib və “bilmirəm, bu barədə bilgim yoxdur”, - deyib.

O, daha sonra fikrinə belə davam edib: “Bilmirəm, iqtidarın belə addım atmaq imkanı varmı? Bunu, açığı, söyləməkdə çətinlik çəkirəm. İndiki texnoloji vasitələrlə bunun edilməsi nə qədər mümkündür?”.

Deputat ardınca bunu da söyləyib ki, “yalnız müxalifət saytları deyil, iqtidar saytları da oxşar problemlə üzləşir”.

Buna da bax:​ 'Sərhədsiz Reportyorlar' saytların bloklanması və başqa təzyiqlərlə bağlı

Deputatlar xəbərsizdir

AzadlıqRadiosu daha bir neçə deputatdan baş verənlərə münasibət öyrənmək istəsə də, istəyi gerçəkləşməyib. MM üzvlərinin bir çoxu bu məsələdən, onun detallarından xəbərsiz olduqlarını, buna görə də danışmaq istəmədiklərini bildirib.

Sizin brauzer HTML5-i dəstəkləmir

Fazil Mustafa: 'Bilmirəm, bu barədə bilgim yoxdur'

“Saytlar nazirlik tərəfindən bloklanmayıb”

Nəqliyyat, Rabitə və yüksək Texnologiyalar Nazirliyindən AzadlıqRadiosu-na belə deyilib.

Nazirliyin mətbuat xidmətindən həmin saytlara girişin məhdudlaşdırılmasının qanunvericiliyə son dəyişikliklərdən qaynaqlanmadığını da vurğulayıblar: “Bu, hər hansı qanunvericiliklə bağlı deyil”. Bununla belə məsələni araşdırdıqlarını, əlavə məlumat olacağı halda açıqlayacaqlarını deyiblər.

Buna da bax: 'Onda gərək Azərbaycan İnternet deyilən şeyi ləğv etsin'

Xatırlatma

Bir neçə gündür ölkə daxilində azadliq.org, azadliq.info və meydan.tv saytlarına giriş çətinləşib. Mütəxəssislər bunun hakimiyyətin müdaxiləsi nəticəsində baş verdiyini güman edirlər.

Bir qədər öncə Amnesty International və VirtualRoad.org saytı son hesabatlarında Azərbaycanda siyasi fəallara, ayrı-ayrı saytlara kiberhücumlardan yazmışdılar.

VirtualRoad.org bildirirdi ki, son aylarda abzas.net, cumhuriyyet.net və azadliq.info saytlarına eyni mənbədən hücumlar gerçəkləşdirilib. “İzlər bu saytlara eyni IP ünvandan hücum edildiyini göstərir. Həmin IP şəbəkədə isə Azərbaycanın bir neçə hökumət qurumu var: Azərbaycan Xarici İşlər Nazirliyi (tourvisa.mfa.gov.az@85.132.24.246), Nazirlər Kabinetinin poçt serveri (mail.cabmin.gov.az@ 85.132.24.82), Nəqliyyat nazirliyinin poçt serveri (mail.mot.gov.az@85.132.24.51)”.

Buna da bax:​ «Freedom House» Azərbaycanı interneti «qismən azad» ölkə adlandırdı...

Elə bu ay Azərbaycanda “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Telekommunikasiya haqqında” qanunlara dəyişiklik edilib. Dəyişikliyə görə, 8 saat içində hər hansı internet resursdan icra orqanının nəzərdə tutduğu məlumat çıxarılmasa, ona giriş qapadılacaq. Başqa sözlə, həmin məlumat hüquqi mübahisə predmeti olmadan, birbaşa müvafiq icra orqanının mülahizəsi əsasında bağlana, bloklana bilər. Mütəxəssislər bunu senzura sayırlar.