Deputatlar maaşlarının artırılmasını istəyir

Milli Məclis

Milli Məclisdə deputatların maaşının artırılması təklif olunub

Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, deputat Siyavuş Novruzov Milli Məclis əməkdaşlarının və deputatların əmək haqlarının yetərli olmadığını bildirib. O, deputatların maaşlarının artırılmasını təklif edib.

APA-nın xəbərinə görə, S.Novruzov bu gün, noyabrın 7-si Milli Məclis komitələrinin birgə iclasında gələn ilin büdcə müzakirələri zamanı bildirib ki, deputatların əməkhaqqı hansısa bir rayonun polis rəisi və yaxud prokurorunun maaşından azdır.

S.Novruzov vurğulayıb ki, Milli Məclisin büdcəsi heç bir rayonun büdcəsi qədər də deyil:

«Beynəlxalq aləmdə bəzi dairələrə qarşı sinəsini qabağa verib vuruşan, ölkədə qaçanın da, qovanın da üstünə getdiyi ünvan Milli Məclisdir. Bundan başqa, bizim dostluq qrupları var ki, onlar, heç olmasa, iki-üç ildən bir əməkdaşlıq etdiyi ölkələrə getməlidirlər. Bütün bunlar nəzərə alınmalıdır».

Azərbaycanda deputatların maaşının 2 min 200 manat civarında olduğu bildirilir.