7 saylı özüldə qazma dayandırılıb, neftçilər təxliyyə edilb

Azerbaijan -- SOCAR

Bu gün, mayın 11-i SOCAR “Günəşli” yatağındakı 7 saylı özüldə vəziyyət bərədə məlumat yayıb.

Məlumatda özüldə vəziyyətə nəzarət edildiyi bildirilir:

“Dünən axşam (mayın 10-da) “28 May” Neft Qaz Çıxarma İdarəsinin (NQÇİ) 7 saylı dərin dəniz özülündə 319 saylı quyuda qazma vaxtı gil məhlulunda udulma baş verib. Nəticədə qaz təzahürü əmələ gəlib. Lazımi tədbirlər görülüb, quyunun ağzı bağlanıb, quyuağzı parametrlər nəzarət altına alınıb”

Məlumatda vurğulanır ki, lakin sonradan, bu gün, mayın 11-də təqribən saat 16 radələrində özülün yaxınlığında dəniz səthində qaz qabarcıqları ilə müşayiət olunan anormal su axını (qrifon) əmələ gəlib və get-gedə artmağa başlayıb:

“Bütün ehtimallar nəzərə alınaraq, özüldə işləyən iki istismar quyusunda hasilat saxlanılıb, özüldə qazma işləri dayandırılıb. SOCAR-ın prezidenti Rövnəq Abdullayev vəziyyəti yerində qiymətləndirmək üçün özülə gedib və bütün işçi heyətin tam tərkibdə təxliyyə olunması haqqında tapşırıq verib. Bu tapşırığa əsasən 7 saylı dərin dəniz özülündə olan bütün əməkdaşlar təxliyyə edilib”.

Məlumatda vurğulanır ki, hazırda mütəxəssislərdən ibarət operatriv qrup yaxındakı özüllərdən və növbə çəkən gəmilərdən vəziyyətə nəzarət edir.