Azərbaycan Demokratiya və Rifah Hərəkatının oktyabrın 17-də qurultayı keçirilib. Tədbir onlayn formatda baş tutub.
Bu barədə hərəkatın sədri, iqtisadçı Qubad İbadoğlu AzadliqRadiosuna söyləyib. Onun sözlərinə görə, 88 nəfər qurultay nümayəndəsindən 82-nin iştirak etdiyi tədbirdə həm partiyanın, həm də Ali Məclisin sədri seçilib: "Üç aydan bir toplanacaq Məclis sədr müavini, katibi və İdarə Heyətini seçəcək. Qurultay artıq Nizamnamə və Proqramını qəbul etdi, sədrini, 7 nəfərdən ibarət Mərkəzi Nəzarət Təftiş Komissiyasını seçdi, 64 nəfərdən ibadət Ali Məclisini formalaşdırdı, rəhbər orqanlara seçkini başa çatdırmaq üçün Ali Məclisə səlahiyyət verdi".
Q.İbadoğlu dörd illiyinə sədr seçildiyini vurğulayıb. O, qurultayı onlayn formada keçirmək məcburiyyətində olduqlarını söyləyib. Koronavirus pandemiyası ilə bağlı ötən ilin martından Azərbaycanda karantin rejimidir.
Demokratiya və Rifah Hərəkatının 2015-ci ilin fevralında təsis konfransı keçirilmişdi.
Azərbaycanda 50 civarında siyasi partiya olduğu bildirilir.