Daşkəsəndə selin fəsadları qalır (Fotolar)

Daşkəsəndə seldən sonra

İyunun 10-da Daşkəsən rayonun Alaxançallı kəndini basan selin fəsadları 4 gün keçməsinə baxmayaraq hələ də, tam aradan qaldırılmayıb

İyunun 10-da Daşkəsən rayonun Alaxançallı kəndini basan selin fəsadları 4 gün keçməsinə baxmayaraq hələ də, tam aradan qaldırılmayıb.

Yerli sakinlərinin sözlərinə görə, sel kənd yollarını yuyub aparıb, körpünü dağıdıb, nəticədə bu yaşayış məntəqəsi 3 hissəyə bölünüb. “Kənd demək olar ki, blokadadır və biz yalnız dərə ilə hərəkət edə bilirik” - sakinlərdən biri AzadlıqRadiosuna deyib.

Selin apardıqları…

Kənd sakinləri habelə bildirib ki, sel bir neçə evi, təxminən 10 kənd sakininin mal-qarasını da yuyub aparıb.

Onların sözlərinə görə, hadisənin ilk günlərində Daşkəsən rayonun icra başçısı və əməkdaşları kəndə gəlsələr də, daha sonra onlarla maraqlanan olmayıb:

"Sel körpümüzü aparıb deyə blokadada qalmışıq. İcra hakimiyyətindən körpünü bərpa edəcəklərini vəd etdilər, amma, hələlik, ortada heç nə yoxdur. Hazırda orada bir traktor işləyir. Su problemimiz var. Bəzi yerlərdə su olsa da, digər yerlərdə yoxdur".

Bu deyilənlərə, hələlik, Daşkəsən Rayon İcra Hakimiyyətindən münasibət öyrənmək mümkün olmayıb.

Amma bu günlər Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, iyunun 10-da axşam saatlarından Daşkəsən rayonunda yağan güclü yağış nəticəsində bəzi dağ çaylarından sel keçib, bir sıra kommunikasiya xətlərinə, körpülərə, vətəndaşların təsərrüfatlarına ziyan dəyib:

“Bir neçə avtomobili sel aparıb. Hadisə nəticəsində xəsarət alan olmayıb".