Dünyanın ən xoşbəxt ikinci ölkəsi olmanın sirri

Kopenhagendə kişi akkordeon çalır

Builki Ümumdünya Xoşbəxtlik Hesabatı 143 ölkəni əhatə edir. Azərbaycan orada 101-ci yerdədir. Qonşulardan Rusiya 72, Ermənistan 82, Gürcüstan 91-ci yerdə qərarlaşıb. Sonuncu-143-cü yerdə isə Əfqanıstandır.

BMT-nin ötən həftə açıqlanan Ümumdünya Xoşbəxtlik Hesabatı artıq ard-arda altıncı ildir ki, Danimarkanı dünyanın ikinci ən xoşbəxt ölkəsi elan edir. Birinci yerdə qərarlaşan Finlandiya isə artıq yeddi ildir ki, birinci yerdədir.

"Gerçəkçi nikbin"

Jurnalist və kino prodüseri Emma Firt CNN üçün yazdığı məqaləsində qeyd edir ki, Danimarkada insanlar ideal sayılmayan durumları yenidən şəkilləndirə bilirlər. "The Daish Way of Parenting" (Uşaq böyütməyin Danimarka üsulu) kitabının həmmüəllifləri Cessika Coel Aleksander və İben Dissinq Sandal bu anlamda danimarkalıları "gerçəkçi nikbin" adlandırırlar. "Danimarkalılara mənfi durumları müsbətə çevirmək öyrədilir", - Emma Firtin məqaləsində belə deyilir.

Məsələn, Ümumdünya Xoşbəxtlik Hesabatı haqda xəbər başlıqları Danimarkanın bu dəfə də Finlandiyadan sonra gəlməsi faktına fokuslanmır. Əvəzində hesabatın 60 yaşdan yuxarı insanları əhatə edən kateqoriyasında Danimarkanın birinci olmasına və Finlandiya ilə aradakı fərqin bu il ötən ilkinə nisbətən daha az olmasına fokuslanır.

Bu il Danimarka toplam 7.586 bal, Finlandiya isə ondan azca çox – 7.804 bal toplayıb. Bu xallar "Gallup" ümumdünya sorğu şirkətinin 130 ölkədə 100 minədək insan arasında keçirdiyi sorğuların nəticələri əsasında hesablanır. "Gallup" insanlardan öz həyatlarını 10 ballıq şkala ilə dəyərlədirmələrini xahiş edir, 0 mümkün olan ən aşağı, 10 isə ən yuxarı baldır.

Bundan sonra Xoşbəxtlik Hesabatı son üç ildə hər ölkədə rəyi soruşulanların cavablarından alınan orta rəqəmi seçir. Beləliklə, builki reytinq siyahısı 2021-2023-cü illərdə keçirilən rəy sorğularının nəticələri əsasında formalaşıb. Adambaşına düşən ÜDM, sosial dəstək, sağlam uzunömürlülük, azadlıq, səxavət və korrupsiyaya dair məlumat da təhlil edilir.

Sizin brauzer HTML5-i dəstəkləmir

Türmənistanda "sağlamlıq və xoşbəxlik" ayı..

"Uğursuz olmağa imkan verən" sosial müdafiə sistemi var

Builki hesabatda ABŞ hesabatın hazırlandığı 12 il ərzində ilk dəfə balı ən yüksək olan 20 ölkə arasındakı yerini itirərək 23-cü yerdə qərarlaşıb. Məqalədə bunun, əsasən, yaşı 30-u haqlamayan insanların həyatlarından razılıq səviyyəsinin aşağı düşməsindən qaynaqlandığı bildirilir.

Danimarkanın Xoşbəxtlik Araşdırmaları İnstitutunun aparıcı təhlilçisi Katarina Laxmund deyir ki, istər Danimarka, istərsə Finlandiyada insanlara "uğursuz olmağa imkan verən" sosial müdafiə sistemi var.

Danimarkada işini itirə və işsizlik müavinəti ilə yaşaya bilərsən. Xəstələnəndə xərclər, yaxud qayğının keyfiyyəti barədə narahat olmaya bilərsən. Uşağa qayğı müavinətinin 75 faizini dövlət maliyyələşdirir. Bunun sayəsində yeni doğulmuş uşağının qayğısına qalmaq üçün bütün ili işləməyə, sonra işinə qayıda bilərsən. Təhsil, o cümlədən universitet təhsili pulsuzdur. Üstəlik, tələbələrə yaşayış xərclərini ödəmələrindən ötrü aylıq dövlət qrantı ödənilir. Sosial evlər, abort haqları var.

Minimum maaşa ehtiyac yoxdur? Niyə?

Həmkarlar ittifaqları isə o qədər güclüdür ki, minimum maaşa ehtiyac belə yoxdur.

Dövlət qurumlarına inam bir-birinə güvənən cəmiyyəti formalaşdırır. "Güvən o qədər böyükdür ki, azyaşlı uşağımın getdiyi bağçanın kilidi yox idi. O yatanda həyətdə, uşaq arabasında monitorla yatırdı. Məktəblərin oyun meydançaları ictimaiyyətə açıqdır, 9 yaşına çatmış uşaqların da məktəbə tək getməsinə icazə verilir", - məqalədə belə yazılıb.

Danimarkalılardan ötrü ailə də çox önəmlidir.

Məqalədə deyilir ki, birgəlik duyğusu skandinaviyalıların son zamanlar dünyada məşhur olan "hygge" konseptinin bir hissəsidir. "Hygge", əsasən, sevdiyin insanlarla birgə keçirilən asudə vaxta deyilir.