İtalyan modelyer Corco Armani 92 yaşında vəfat edib

Corco Armani

İtalyan modelyer və işadamı Corco Armani 92 yaşında vəfat edib. Bu barədə sentyabrın 4-də onun təsis etdiyi şirkət məlumat yayıb.

Armani iyunda səhhətindəki problemlərə görə Milandakı Kişi Moda Həftəsində öz brendinin nümayişində iştirakdan imtina etməli olmuşdu. O, karyerasında ilk dəfə idi belə bir tədbirə qatılmırdı.

“Reuters” yazır ki, Armani müasir italyan dəbi və zərifliyinin təcəssümü idi. O, illik dövriyyəsi 2,3 milyard avro olan şirkətə rəhbərlik edirdi.

Dizayner “Re Giorgio” (Kral Corco) ləqəbi ilə tanınırdı. O, kolleksiyasındakı hər bir detalı, biznesinin bütün aspektlərini nəzarətdə saxlayırdı – reklamdan tutmuş, modellərin podiuma çıxmazdan əvvəl saç düzümünə qədər, “Reuters” belə yazır.

“Armani Group” bildirir ki, şənbə və bazar günləri Milanda vida mərasimi təşkil olunacaq. Dəfn mərasiminin tarixi hələ dəqiqləşməyib və ictimaiyyət üçün qapalı olacaq.