Oktyabrın 10-da Bakıda BMT-nin İqlim Konfransına hazırıq məqsədi ilə Pre-COP29 tədbiri işə başlayıb.
COP28, COP29 və COP30 sədrliklərinin birgə təşkilatçılığı ilə "Troyka ölkələri"nin "1.5 dərəcə Selsi missiyası üçün Yol xəritəsi" mövzusu müzakirə edilib.
AZƏRTAC-ın xəbərinə görə, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib ki, COP29 çərçivəsində İnsan İnkişafı Günü keçiriləcək: "Belə ki, bütün tərəfləri cəlb etməklə insan inkişafı, irriqasiya və gənclərlə bağlı tədbir olacaq...".
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil isə vurğulayıb ki, hər hansı bir işdə nəticə əldə etmək yalnız əməkdaşlıq çərçivəsində mümkündür: "Biz COP29 çərçivəsində iqlim problemlərinin təsir etdiyi bütün sahələrdə yeni həll yolları tapmaq istəyirik...Düşünürəm ki, Azərbaycanda keçirilən COP29 bu xəritəyə işıq tutacaq".
Avropa İttifaqının iqlim fəaliyyəti üzrə komissarı Vopke Hukstranın sözlərinə görə isə, geosiyasi problemlər çox mürəkkəb məsələdir, ancaq bu, bəhanə ola bilməz: "Dubayda əldə olunan nailiyyətlər genişləndirilməlidir. Bizim 2050-ci ilədək xalis sıfır karbon emissiyasına nail olmaq məqsədimiz var... Biz hədəflərimizin 90 faizini 2040-cı ilə qədər yekunlaşdırmaq istəyirik".
Bu il noyabrın 11-dən 22-dək Bakıda COP29 keçiriləcək.
Ötən il Birləşmiş Ərəb Əmirliklərində (Dubayda) keçirilən COP28 sammitində ölkələr mədən yanacağından uzaqlaşmağa razılaşıblar. Azərbaycan hökuməti isə, öz növbəsində, atmosferə istixana qazlarının buraxılmasını 2030-cu ilədək 35 faiz azaldaraq 1990-cı illər səviyyəsinə salmaq öhdəliyi götürüb.
Xatırlatma
Bir sıra beynəlxalq təşkilatlar COP29 ərəfəsində Azərbaycanda insan hüquqları məsələsini də önə çəkirlər. "Human Rights Watch" və "Freedom Now" kimi insan haqları təşkilatları oktyabrın 8-də açıqladıqları birgə hesabatda bildiriblər ki, Azərbaycanda hökumətin tənqidçilərinə, müstəqil qruplara və mediaya qarşı "kinli" hücum aparılır.
Azərbaycan hakimiyyəti ölkədə insan haqlarının durumunun pisləşməsi ilə bağlı tənqidlərlə razılaşmır, beynəlxalq qurumları qərəzli davranmaqda, provokasiyada ittiham edir.
Yerli hüquq müdafiəçilərinə görə, hazırda ölkə həbsxanalarında 300-dən çox siyasi məhbus var. Rəsmilər isə deyir ki, onlar sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.