Azərbaycan Prezidenti COP29 Təşkilat Komitəsinin tərkibinə əlavələr edib. O bununla bağlı yanvarın 19-da sərəncam imzalayıb.
Bu dəfə 40-dan çox üzvü olan Komitənin yeni tərkibində olanlardan 10-dan çoxu xanımdır.
Komitənin bundan əvvəl açıqlanan tərkibində isə bir xanım belə yer almırdı. Bu da beynəlxalq aləmdə tənqidlərə səbəb olmuşdu.
The Guardian qəzeti yazırdı ki, bu ilin dekabrında Bakıda keçiriləcək COP29 BMT iqlim konfransının təşkilat komitəsinin heyətinə bir qadın da daxil edilməyib.
Buna da bax: The Guardian: Azərbaycanın COP29 təşkilat komitəsi yalnız kişilərdən ibarətdirQəzet qeyd edirdi ki, “She Changes Climate” kampaniyasının fikrincə belə heyəti konfrans üçün “geriləmə” hesab etmək olar.Bu kampaniya bəyan edib ki, “iqlim dəyişikliyi dünyanın yarısını yox, hamısını təsirləndirir”.
Müqayisə üçün bu da vurğulanırdı ki, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) ötən ay keçirilmiş COP28 sammitində təşkilat komitəsinin 63 faizi qadınlar olub.
Qəzet habelə yazırdı ki, 28 kişidən ibarət təşkilat komitəsinə Dövlət Təhlükəsizlik Xidmətinin başçısı da daxil nazirlər və ya rəsmilər salınıb.
Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 bu il dekabrın 11-də Azərbaycanda keçiriləcək.
İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəflərin Konfransı – COP Konvensiyasının ali qərar qəbul edən orqanıdır. Katibliyi Bonnda yerləşir. COP-un ilk toplantısı 1995-ci ildə Berlin şəhərində keçirilib.