Trampın keçmiş müşaviri məxfi informasiyanı paylaşmaqda ittiham olunur

D.Tramp və C.Bolton

Prezident Donald Trampın keçmiş müşaviri Con Bolton məxfi informasiyanı paylaşmaqda ittiham olunur. Bu ittiham Boltona oktyabrın 16-da irəli sürülüb.

İttihamnamədə deyilir ki, Boltonun iki qohumu ilə paylaşdığı elektron mesajlarda onun hökumətin aparıcı rəsmiləri, xarici liderlər, kəşfiyyat brifinqlərindən yığdığı informasiya yer alıb. Keçmiş müşavirin qohumları ilə həmin materialın bir hissəsini kitabına salmağı müzakirə etdiyi bildirilir. İttihamnamədə adları çəkilməyən qohumları Bolton özünün redaktorları adlandırıb.

"Reuters" məsələdən agah iki nəfərə istinadla həmin qohumların Boltonun həyat yoldaşı və qızı olduğunu yazıb.

"Qanuni davranışımı qorumaq və onun (Trampın) səlahiyyətlərindən sui-istifadəsini ifşa etmək üçün mübarizəni səbirsizliklə gözləyirəm", - Bolton açıqlamasında deyib.

Vəkili isə bildirib ki, Bolton hər hansı informasiyanı qanunsuz paylaşmayıb, yaxud yığıb saxlamayıb.

Prezident Tramp Boltonun ittiham olunması ilə bağlı jurnalistlərin sualına "O, pis adamdır" cavabını verib.

Boltonla bağlı araşdırma Tramp administrasiyasından öncə, 2022-ci ildə başladılıb.

Merilend ştatında federal məhkəməyə təqdim olunan ittiham aktında Boltona qarşı milli müdafiə məlumatlarının ötürülməsi ilə bağlı səkkiz, bu məlumatların saxlanması ilə bağlı 10 maddə üzrə ittiham irəli sürülüb. Bu maddələrin hamısı Casusluq Aktının pozulması sayılır.

Hər bir maddə üzrə 10 ilədək həbs cəzası nəzərdə tutulur. Ancaq yekun cəzanı hakim müxtəlif amillərə əsaslanaraq müəyyən edir.

Trampın birinci prezidentlik müddətində onun milli təhlükəsizlik müşaviri olmuş Bolton sonradan prezidentin sərt tənqidçilərindən birinə çevrilib.