Trump-ın keçmiş vəkili Konqresə yalan dediyini etiraf edir

ABŞ prezidenti Donald Trump (sağda) və onun keçmiş vəkili Michael Cohen

ABŞ prezidenti Donald Trump-ın uzun müddət şəxsi vəkili olmuş Michael Cohen Rusiyanın 2016-cı il ABŞ seçkisinə müdaxiləsinə dair federal təhqiqata yalan məlumatlar verdiyi barədə ittihamı qəbul edib.

Cohen Manhattan federal məhkəməsində, Trump kampaniyasının seçkinin nəticələrinə təsir göstərmək məqsədilə Rusiya ilə birgə işlədiyi barədə iddiaları araşdıran Konqresə yalan məlumat verməsini etiraf edib.

ABŞ mediası yazır ki, Cohen-in Senat komitəsinə verdiyi yalan məlumatlar Moskvada Trump Tower otelinin tikintisi planları ilə bağlı olub.

Cohen məhkəmədə etiraf edib ki, o, 2017-ci il avqustun sonlarında bu otellə bağlı sazişlə əlaqədar Moskvada danışıqlar aparıb.

Bu ilin avqustunda Cohen özünə qarşı taksi biznesi, bank fırıldaqçılığı və Trump kampaniyası üçün işi ilə bağlı başqa federal ittihamlar üzrə özünü təqsirli saydığını demişdi.

Sentyabr ayında Cohen-in vəkili demişdi ki, o xüsusi prokuror Robert Mueller-in təhqiqatı üçün “son dərəcə əhəmiyyətli informasiyalar” verir.

Mueller Rusiyanın 2016-cı il ABŞ seçkisinə müdaxiləsini və Trump kampaniyasının Rusiya rəsmiləri ilə mümkün sövdələşmələrini araşdırır.