Trump-ın keçmiş vəkili Konqresdə ifadə verəcək

Michael Cohen

Prezident Trump-ın keçmiş vəkili Konqres komitəsi qarşısında açıq ifadə verməyə razı olub. Bu dinləmədə əsas diqqətin Trump-ın keçmiş maliyyə işlərinə və Rusiya ilə bağları məsələlərinə yönələcyi gözlənilir.

Yanvarın 10-da yayılmış xəbərə görə Michael Cohen Nümayəndələr Palatası Nəzarət və İslahat komitəsinin qarşısına fevralın 7-də çıxacaq.

Bu dinləmə demokratların noyabr seçkisinin ardınca Nümayəndələr Palatasında çoxluğu əldə etməsindən bir ay sonraya təsadüf edir. Bu seçkiyə həm də Trump-a etimadın referendumu kimi baxılırdı.

Cohen uzun illər ərzində Trump-ın şəxsi vəkili və biznes müvəkkili olub. O Trump üçün işləməyə başlayanda indiki prezident Manhettendə daşınmaz əmlak maqnatı idi.

O Trump-ın vəkili kimi fəaliyyətini 2018-cin ildə, FTB xəfiyyələri onuin ofisinə və evinə reyd keçirdikdən, kompüter serverlərini və minlərlə sənədi müsadirə etdikdən sonra dayandırıb.

Manhettendə federal müstəntiqlər tərəfindən aparılan həmin təhqiqatda Trump-ın cinsi əlaqədə olduğu iki qadına bu barədə susmaları üçün pul ödənməsində Cohen-in rolu araşdırılırdı.

Federal müstəntiqlər deyirlər ki, həmin ödənişlərin edilməsi üçün göstərişi Trump verib, bu isə kampaniya maliyyəsi haqqında federal qanunların pozulması kimi qiymətləndirilə bilər.

Cohen habelə Trump-ın adamları ilə Rusiya arasında mümkün əlaqələri araşdıran xüsusi prokuror Robert Mueller-in apardığı başqa bir iş üzrə də əsas fiqurlardan biri kimi keçir.

Cohen bu iş üzrə təhqiqata bildirib ki, 2016-cı ildə Moskvada Trump Tower otelinin tikintisi planlarının müzakirəsi ilə bağlı Konqresə yalan məlumat verib.

O Konqres komitəsinə ifadəsində demişdi ki, bu mümkün tikintiyə dair danıqışıqlar 2016-cı ilin yanvarında basa çatıb, halbuki danışıqlar Trump Respublikaçı Partiyadan namizəd olmağa az qalmışadək davam edib.

Cohen hər iki iş üzrə təqsirini etiraf edib və ötən ay 3 il müddətinə həbsxana cəzasına məhkum olunub.

Trump hər hansı bir qanunsuzluğa yol vermədiyini bildirib və Cohen-in ifadələrindən dəyə biləcək ziyanı minimuma endirmək üçün onu “yalançı” adlandırıb.

Komitənin demokrat sədri Elijah Cummings deyib ki, Cohen Konqresdə könüllü olaraq ifadə verəcək və ona heç bir çağırış göndərilməyib.