'Coca-Cola' 'Koka-kola kompani'ni Rusiyada məhkəməyə verib

"Coca Cola"

ABŞ-nin "The Coca-Cola Company" şirkəti tanınmamış Cənubi Osetiya Respublikasında qeydiyyatdan keçmiş "Koka-kola kompani"ni məhkəməyə verib. Məlumatı RBK yayıb.

Moskva Arbitraj Məhkəməsi sentyabrın 8-də iddianı qeydə alıb. Tələblərin mahiyyəti açıqlanmır. "Kommersant" "Rospatent"ə istinadla yazır ki, "The Coca-Cola Company" "Coke" və "Coca-Cola" ticarət nişanlarının sahibidir, bu müstəsna hüquq 2032-ci iləcən uzadılıb.

2025-ci ilin martından Novosibirskdə yerləşən "PKV" şirkəti Cənubi Osetiyanın "Koka-kola kompani" şirkəti ilə razılaşma çərçivəsində "Coca-Cola" brendi ilə içki buraxmağa başlayıb. "PKV" ucuz "Loca" limonadları da istehsal edir.

"KİAP" vəkil bürosundan Eldar Quliyev "Kommersant"a deyib ki, Rusiya Federasiyasında "Coca-Cola" ticarət nişanı qüvvədədir və şirkətdən icazəsiz ondan istifadə pozuntu sayılır. Şirkət Rusiya bazarından gedib.

"The Coca-Cola Company" 2022-ci ilin martında, Rusiya Ukraynaya qarşı tammiqyaslı müdaxiləyə başlayandan sonra Rusiyada fəaliyyətini dayandırdığını açıqlayıb. İyunda onun Rusiyadakı distributoru (Coca-Cola HBC) "Coca-Cola", "Fanta", "Sprite", "BonAqua", "Fuzetea", "Schweppes" kimi içki brendlərinin istehsalı və satışının dayandırıldığını bildirib. Sonradan distribütorun adı dəyişdirilərək "Multon Partners" qoyulub, yerli brendlərin istehsalına fokuslanıb.