Çin Tayvan ətrafında təlimlərə başlayıb

Çin Xalq Azadlıq Ordusu Tayvanın şərqində təlimlər keçirir.

Dekabrın 29-da Çin Tayvan ətrafında təlimlərə başlayıb. "Ədalət missiyası 2025" adlı təlimlərə əsgərlər, hərbi gəmilər, qırıcı təyyarələr, artilleriya cəlb olunub. Ada isə mümkün hücumu dəf etmək məşqləri keçirir, ABŞ istehsalı texnikanı sərgiləyir.

Çin təlimlərdə real atəş açıldığını, quru və dəniz hədəflərinə zərbələrin simulyasiya olunduğunu bildirib. Təlimlər iki gün çəkəcək, adanın əsas limanlarının bloklanması, mühasirəyə salınması üzrə məşqlər aparılacaq.

Tayvanın aparıcı təhlükəsizlik rəsmisi "Reuters"ə deyib ki, ada ətrafında Çinin onlarla hərbi qayığı, təyyarəsi əməliyyat aparır, bəziləri Tayvan sahilindən 24 dəniz mili (44.5 kilometr) olaraq təyin olunan bitişik zonaya "bilərəkdən" yaxınlaşır.

2022-ci ildən bəri altıncı dəfədir Çin belə böyük təlim keçirir. O zaman ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi demokratik idarə olunan adaya səfər edib.

Çin son vaxtlar ərazi iddialarını gücləndirib. Daha öncə isə Yaponiyanın baş naziri Sanae Takaiçi deyib ki, Çin Tayvana hücum edərsə, Tokio buna hərbi cavab verər.

Təlimlərdən 11 gün öncə isə ABŞ Tayvana 11.1 milyard dollarlıq silah satılacağını elan edib. Bu, Çinin müdafiə nazirliyinin etirazına səbəb olub, ordu cavabında "zorakı" tədbirlərə əl atılacağını bildirib.

Təhlilçilərin fikrincə, Pekinin təlimlərinin rutin hərbi məşqlər, yoxsa mümkün hücuma hazırlıq olduğu aydın görünmür. Bu strategiyanın məqsədi isə ABŞ və müttəfiqlərinə hücumla bağlı minimum xəbərdarlıq etməkdir.

"Bu təlimlər "Tayvan müstəqilliyi" separatçı qüvvələri və xarici müdaxilə qüvvələrinə ciddi xəbərdarlıqdır", – Şərq Komandanlığının sözçüsü Şi İ deyib.

Tayvan hökuməti təlimləri pisləyib.