Bakı və ətraf ərazilərdəki çimərliklərdə monitorinqlərin nəticələri açıqlanıb. Monitorinqi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə aparıb.
Müayinələr zamanı Mərdəkan, Şüvəlan, Novxanı, Buzovna, Zaqulba, Nardaran çimərliklərində dəniz suyunun fiziki-kimyəvi, bakterioloji göstəricilərinin normada olduğu aşkarlanıb.
Şıx və Sahil çimərliklərinin sanitariya mühafizə zonalarında dəniz suyunun çirklənməsi hallarının hələ də davam etdiyi müəyyənləşdirilib, həmin çimərliklərdə bakterioloji çirklənmə göstəriciləri normadan yüksək olub.
Hövsan, Türkan, Pirşağı çimərliklərində də çirklənmə göstəricilərinin mövcud normativlərə cavab vermədiyi açıqlanıb.
Bildirildiyinə görə, Sumqayıt şəhər çimərliyində laboratoriya müayinəsinə götürülmüş dəniz suyu nümunələrində bağırsaq çöpləri qrupu bakteriyalarının sayının da normadan çox olduğu üzə çıxıb.
Bununla əlaqədar Şıx, Sahil, Hövsan, Türkan, Pirşağı çimərliklərinin istifadəsinin müvəqqəti qadağan edilməsi barədə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qərarları qüvvədə saxlanılıb. Həmçinin, Sumqayıt şəhər çimərliyinin müvəqqəti olaraq qadağan edilməsi barədə qərar qəbul olunub.
Azərbaycanda çimərlik mövsümü iyunun 15-də başlayır.