ABŞ prezidenti Donald Tramp Mərkəzi Kəşfiyyat İdarəsinə (CIA) Venesuelada gizli əməliyyatlar aparmağa icazə verib. Bunu prezident oktyabrın 15-də təsdiqləyib.
Məxfi təlimat barədə "The New York Times" ABŞ rəsmilərinə istinadla yazmışdı. Onlar deyirdilər ki, Tramp administrasiyasının Venesuela ilə bağlı strategiyası Maduronu hakimiyyətdən kənarlaşdırmağı hədəfləyir. Administrasiya Maduronun narkotik qaçaqmalçılığı ittihamları ilə bağlı həbsinə aparacaq informasiyaya görə 50 milyon dollar təklif edir.
Məlumata görə, MKİ-yə Venesuelada ölümcül əməliyyatlar aparmağa icazə verilir.
Tramp jurnalistlərə bu qərarını venesuelalıların ABŞ-yə miqrasiyası və narkotik qaçaqçılığı ilə izah edib.
"Reuters" yazır ki, MKİ xüsusilə soyuq müharibə dövründə Latın Amerikasında əməliyyatlar aparıb, 20-ci əsrin sonunda kokain qaçaqçılığı imperiyalarının devrilməsinə kömək edib. Agentlik MKİ-nin Meksikada axtarılan narkotik alverçilərini izləmək üçün illərlə gizli əməliyyatlar keçirdiyini yazıb.
Venesuela hökuməti isə Trampın dediklərinin beynəlxalq hüququ pozduğunu bildirib.
Nikolas Maduro Venesuelada son prezident seçkisində qalib gəldiyini elan etsə də, müxalifət bununla razılaşmır. Avropa Parlamenti və ABŞ Dövlət Departamenti Edmundo Qonsalesi Venesuelanın seçilmiş prezidenti kimi tanıyıb.