Özgür Özəl və CHP-dən 90 deputat istefa verib: 'Yeni Partiya' yaradılır

Özgür Özəl "Yeni Partiya"nın təsis sənədlərini imzalayır

Özgür Özəl və onunla birlikdə 90 deputat Cümhuriyyət Xalq Partiyasından (CHP) istefa verərək "Yeni Partiya"nın təsis sənədini imzalayıb və Türkiyənin Daxili İşlər Nazirliyinə təqdim ediblər. Bu barədə xəbəri NTV telekanalı yayıb.

Apellyasiya məhkəməsinin "mütləq etibarsızlıq" qərarından sonra CHP-də rəhbərlik uğrunda gərgin bir mübarizə başlamışdı.

Həmin hökmün ardından Ö.Özəl CHP sədri vəzifəsindən uzaqlaşdırılmışdı. Deputatlar sonradan onu partiyanın parlament fraksiyasının rəhbəri seçiblər. Növbədənkənar qurultayın çağırılması tələbi qarşılanmadıqdan sonra Ö.Özəl öz komandası ilə birlikdə CHP-dən rəsmən istefa verib.

"Yeni Partiya"nın təsis bəyannaməsində ümumilikdə 91 deputatın imzası yer alır.

24 may

Polis Özgür Özəl və tərəfdarlarını CHP qərargahından çıxarıb

Məhkəmə qərarı ilə Cümhuriyyət Xalq Partiyasının (CHP) rəhbərliyinə gətirilən Kamal Kılıçdaroğlunun vəkilinin bu qərarın yerinə yetirilməsi ilə bağlı müraciətindən sonra mayın 24-də polis Özgür Özəl və onun tərəfdarlarını həmin partiyanın mərkəzi qərargahından çıxarıb.

Türkiyə mediasında yayılan görüntülərə görə, Ö.Özəl qərargahda olarkən ona təqdim edilən məhkəmə sənədini cırıb. Partiya qərargahı qarşısında tərəfdarlarına müraciətində isə o, bu gün CHP mərkəzi qərargahından çıxsalar da, geri qayıdacaqlarını bildirib.

Özgür Özəl ali məhkəməni Türkiyəni 'fəlakətdən' xilas etməyə çağırıb

Türkiyənin CHP müxalifət partiyasının lideri Özgür Özəl mayın 21-də bildirib ki, partiyası Ali Apellyasiya Məhkəməsinə müraciət edib. O, 2023-cü il qurultayını etibarsız sayan və onu partiya rəhbərliyindən uzaqlaşdıran məhkəmə qərarına etirazını bildirib.

Ö.Özəl məhkəmə qərarını "xalqa qarşı çevriliş" adlandırıb. O, ali məhkəmənin bu qərarı ləğv edərək "Türkiyəni fəlakətdən xilas edəcəyinə" ümid bəslədiyini bildirib. Özel həmçinin əlavə edib ki, partiyası bu qərara müqavimət göstərəcək.

Müxalifətə qarşı məhkəmə qərarından sonra Türkiyə lirəsi rekord minimuma düşüb. "Reuters" agentliyinin məlumatına görə, mayın 22-də lirə ABŞ dolları qarşısında təxminən 0.3 faiz dəyər itirərək 45.7425 səviyyəsində tarixi minimuma enib.

Sizin brauzer HTML5-i dəstəkləmir

CHP-də 'məhkəmə çevrilişi': Müxalifət dövlətin nəzarətinə keçir, Türkiyə 'Yaxın Şərqləşir'

Məhkəmə CHP-nin rəhbərini dəyişdirdi: Özgür Özəl vəzifədən alındı, Kılıçdaroğlu gətirildi

Ankara Məhkəməsi Türkiyənin əsas müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) hazırkı rəhbəri Özgür Özəlin vəzifəsindən uzaqlaşdırılmasına və onun yerinə Kamal Kılıçdaroğlunun gətirilməsinə qərar verib.

"Anadolu" Agentliyinin məlumatına görə, bu qərarla Ö.Özəli partiya sədri edən CHP-nin 2023-cü ildəki 38-ci qurultayının qərarı ləğv edilib. "BBC Türkçe" isə yazır ki, məhkəmə qərarı nəticəsində K.Kılıçdaroğlunun və 38-ci qurultaydan əvvəlki idarə heyətinin partiyadakı vəzifələrinə geri qayıtması üçün hüquqi əsas yaranıb.

CHP rəhbərinin müavini Burhanettin Bulut sosial şəbəkə hesabında məhkəmə qərarını tanımadıqlarını açıqlayıb.

"'Cumhuriyet' qəzetinin məlumatına görə, qərara Türkiyə hökumətindən də reaksiya gəlib. İstanbul prokuroru olduğu dövrdə CHP-yə qarşı açdığı səs-küylü cinayət işləri ilə tanınan yeni ədliyyə naziri Akın Gürlek məhkəmənin qərarını müdafiə edərək onu "müstəqil" adlandırıb.

Məhkəmə qərarı ilə yenidən CHP rəhbərliyinə gətirilən K.Kılıçdaroğlu isə hələlik məsələyə yekun reaksiya verməyib. O, bundan əvvəl də məhkəmə ilə bağlı proseslərdə səssizliyini qoruyub.