Astronavt Vanq Yapinq kosmosda gəzən ilk çinli qadın kimi tarixə düşüb. O, kosmosa Tianqonq kosmik stansiyası ətrafında işi tamamlayan komandanın tərkibində gedib.
Çin hakimiyyətinin noyabrın 8-də bildirdiyinə görə, 41 yaşlı Vanq həmkarı, 55 yaşlı Jai Jiqanq ilə noyabrın 7-də moduldan çıxaraq, xüsusi cihaz və birləşdiriciləri quraşdırıblar.
Tianqonq Çinin kosmosda böyük gücə çevrilmək planının tərkib hissəsidir. Bundan öncə Çin Marsa xüsusi rover, Aya missiyalar göndərib.
Çin Kosmik agentliyinin məlumatında ölkə tarixində ilk dəfə qadın astronavtın missiyada iştirak etdiyi vurğulanır.
“Missiya ümumilikdə rahat və uğurlu keçib”, – agentlik bildirib.
Tianqonq kosmosda azı 10 il fəaliyyət göstərəcək.